Вернуться назад Распечатать

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni geosiyasi reallıqlar

 

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi,
qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı və iqtisadi əməkdaşlığın yeni
məzmun qazandığı bir dövrdə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə
Bəyannamənin imzalanması iki ölkənin münasibətlərində mühüm siyasi hadisə olmaqla
yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin və çoxşaxəli xarici siyasət kursunun növbəti
təsdiqidir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Birgə
Bəyannamə uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin yeni
mərhələyə yüksəldilməsini nəzərdə tutur. Sənədin 1994-cü il 23 fevral tarixli Dostluq və
Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq
Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanması münasibətlərin
ardıcıl inkişafının və siyasi etimadın mühüm göstəricisidir.
Bu sənədin əhəmiyyəti ikitərəfli münasibətlərin genişləndirilməsi ilə məhdudlaşmır.
Bəyannamə, eyni zamanda, Azərbaycanın dəyişən dünya nizamında artan rolunu, beynəlxalq
tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlıq imkanlarını və milli maraqlara əsaslanan xarici
siyasət strategiyasını nümayiş etdirir.
Birgə Bəyannamənin əsas siyasi istiqamətlərindən biri tərəflərin BMT Nizamnaməsinə,
beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi
bütövlüyünə hörmətin təsdiq edilməsidir. Beynəlxalq münasibətlərdə ikili standartların, güc
amilinin və geosiyasi qarşıdurmaların ciddi narahatlıq doğurduğu indiki şəraitdə bu prinsiplərin
dövlətlərarası sənəddə xüsusi vurğulanması mühüm siyasi məna daşıyır.
Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərindən biri məhz dövlətlərin
suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn aliliyinin təmin olunmasıdır.
Ölkəmiz uzun illər ərzində ərazi bütövlüyü və suverenlik məsələlərində beynəlxalq hüququn
norma və prinsiplərinə əsaslanıb. Bu baxımdan Bəyannamədə qeyd olunan müddəalar
Azərbaycanın prinsipial mövqeyi ilə uzlaşır.
Sənədin digər mühüm siyasi istiqaməti Cənubi Qafqazda davamlı sülhün və sabitliyin
təmin edilməsinə verilən dəstəkdir. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş
razılaşmaların əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması regionda yeni
siyasi reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
Azərbaycanın təşəbbüsləri və prinsipial mövqeyi əsasında Cənubi Qafqazda
formalaşan yeni reallıqlar regionun gələcəyini qarşıdurma deyil, əməkdaşlıq, qarşılıqlı fayda
və iqtisadi inteqrasiya üzərində qurmaq üçün geniş imkanlar yaradır. Böyük Britaniyanın bu
prosesə dəstəyini təsdiqləməsi isə Azərbaycanın sülh gündəliyinin beynəlxalq tərəfdaşlar
tərəfindən dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Burada xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, davamlı sülh yalnız siyasi
bəyanatlarla deyil, qarşılıqlı etimad, iqtisadi əlaqələr, nəqliyyat kommunikasiyalarının açılması
və regional əməkdaşlıq mexanizmlərinin inkişafı ilə möhkəmlənə bilər. Bəyannamədə məhz bu
istiqamətlərin bir-birini tamamlaması sənədin strateji xarakterini daha aydın göstərir.
Bəyannamənin müdafiə və təhlükəsizlik sahəsinə dair müddəaları xüsusi diqqətə
layiqdir. Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi təhdidlərlə
məhdudlaşmır. Kibertəhlükəsizlik, transmilli cinayətkarlıq, sərhəd təhlükəsizliyi, institusional
dayanıqlılıq və yeni texnoloji risklər dövlətlərin milli təhlükəsizlik strategiyalarında mühüm yer
tutur.
Bu baxımdan Azərbaycan və Böyük Britaniyanın müdafiə və təhlükəsizlik sahəsində
əməkdaşlığın gücləndirilməsi, təlim və potensialın artırılması, müdafiə sənayesi üzrə mümkün
birgə təşəbbüslərin araşdırılması barədə razılığa gəlməsi qarşılıqlı maraqlara əsaslanan yeni
əməkdaşlıq imkanları yaradır.

Xüsusilə müdafiə sənayesi, müasir texnologiyalar, peşəkar hazırlıq və hüquq-mühafizə
sahələrində təcrübə mübadiləsi gələcək əməkdaşlığın praktiki nəticələr verməsinə xidmət edə
bilər.
Eyni zamanda, hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın, sərhəd idarəçiliyinin,
məhkəmə və hüquqi əməkdaşlığın inkişaf etdirilməsi dövlət institutlarının dayanıqlılığının
gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın regional təhlükəsizlik sistemində artan rolu, coğrafi mövqeyi və
beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin inkişafındakı iştirakı ölkəmizi geniş coğrafiyada
təhlükəsizlik və sabitlik baxımından mühüm tərəfdaşa çevirir.
Bəyannamənin ən geniş və perspektivli istiqamətlərindən biri ticarət, investisiya və
iqtisadi artımla bağlıdır.
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlərin möhkəm təməli
mövcuddur. Xüsusilə enerji sektorunda uzun illər ərzində formalaşmış əməkdaşlıq iki ölkənin
iqtisadi tərəfdaşlığının inkişafında mühüm rol oynayıb. Britaniya şirkətlərinin Azərbaycanın
enerji sektoruna yatırdığı investisiyalar ölkəmizin enerji potensialının reallaşdırılmasına,
beynəlxalq enerji bazarlarına inteqrasiyasına və iqtisadi inkişafına əhəmiyyətli töhfə verib.
Lakin yeni Birgə Bəyannamənin mühüm xüsusiyyətlərindən biri əməkdaşlığın ənənəvi
enerji çərçivəsindən kənara çıxarılmasıdır. Sənəddə bərpaolunan enerji, infrastruktur,
xidmətlər, maliyyə bazarları, yaşıl maliyyələşdirmə və kiçik və orta biznesin inkişafı kimi
istiqamətlərin əhatə olunması iqtisadi münasibətlərin şaxələndirilməsinə verilən önəmi
göstərir.
Bu, Azərbaycanın iqtisadi strategiyası ilə də uzlaşır. Ölkəmizin qarşıya qoyduğu əsas
hədəflərdən biri qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, innovativ
iqtisadiyyatın formalaşdırılması və xarici investisiyaların cəlb edilməsidir.
Bu kontekstdə Böyük Britaniyanın maliyyə, texnologiya, idarəetmə və innovasiya
sahələrində təcrübəsi Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yarada bilər. Eyni
zamanda, Azərbaycan bazarının regional və beynəlxalq nəqliyyat dəhlizləri ilə
əlaqələndirilməsi Britaniya biznes dairələri üçün də yeni perspektivlər açır.
Xüsusilə Orta Dəhlizin inkişafına dəstək Bəyannamənin geoiqtisadi əhəmiyyətini artıran
mühüm müddəalardandır. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika
qovşağı kimi beynəlxalq ticarət marşrutlarının inkişafında strateji mövqeyə malikdir.
Qlobal təchizat zəncirlərinin şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarına tələbatın
artması və Avrasiya məkanında iqtisadi əlaqələrin genişlənməsi Orta Dəhlizin əhəmiyyətini
daha da artırır. Bu marşrutun inkişafı yalnız tranzit imkanlarının genişləndirilməsi deyil, həm də
Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolunun gücləndirilməsi deməkdir.
Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi nəqliyyat
infrastrukturu, logistika xidmətləri, rəqəmsal gömrük sistemləri, maliyyələşdirmə və investisiya
layihələri baxımından yeni imkanlar yarada bilər.
Azərbaycanın enerji siyasəti son illərdə mühüm transformasiya mərhələsinə daxil olub.
Ənənəvi enerji resurslarının beynəlxalq bazarlara çatdırılması ilə yanaşı, bərpaolunan enerji
mənbələrinin inkişafı, yaşıl enerji istehsalı və enerji ixracının şaxələndirilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindəndir.
Bəyannamədə təmiz enerji keçidi, bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı
karbonlu texnologiyalar sahəsində əməkdaşlığa xüsusi yer ayrılması bu baxımdan olduqca
əhəmiyyətlidir.
Azərbaycanın külək və günəş enerjisi potensialı, Xəzər dənizində mövcud imkanlar,
eləcə də regionda enerji infrastrukturlarının inkişafı ölkəmizin gələcəkdə yaşıl enerji
istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirə bilər.
Böyük Britaniyanın bu sahədə texnoloji və maliyyə imkanları ilə Azərbaycanın təbii
resurs potensialının bir araya gətirilməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılmasına şərait
yarada bilər.
Burada əsas məsələ enerji əməkdaşlığının yalnız resursların hasilatı və ixracı ilə
məhdudlaşmaması, yeni texnologiyaların tətbiqi, yerli mütəxəssislərin hazırlanması və
ölkəmizdə əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı ilə müşayiət olunmasıdır.
Birgə Bəyannamənin digər mühüm istiqaməti təhsil, elm, tədqiqat və innovasiya
sahələrində əməkdaşlığın genişləndirilməsidir.

Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslar və iqtisadi göstəricilərlə
deyil, insan kapitalının keyfiyyəti, elmi potensialı və texnoloji inkişaf səviyyəsi ilə müəyyən
olunur. Bu baxımdan təhsil və innovasiya sahəsində tərəfdaşlıq uzunmüddətli strateji
əhəmiyyət daşıyır.
Böyük Britaniya ali təhsil, elmi tədqiqat, texnologiya və innovasiya sahəsində zəngin
təcrübəyə malik ölkələrdəndir. Azərbaycan üçün bu təcrübədən faydalanmaq, universitetlər və
elmi-tədqiqat institutları arasında birbaşa əlaqələri genişləndirmək, birgə təhsil və tədqiqat
proqramlarını inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri, rəqəmsallaşma və yeni
texnologiyalar sahəsində əməkdaşlığın təşviq edilməsi Azərbaycanın gələcək inkişaf hədəfləri
ilə üst-üstə düşür.
Bu əməkdaşlıq həm də gənclərimizin beynəlxalq təhsil və elmi mühitə inteqrasiyası,
müasir peşə bacarıqlarına yiyələnməsi və ölkəmizdə innovativ sahibkarlığın inkişafı üçün yeni
imkanlar yarada bilər.
İnsan kapitalına yatırılan investisiya əslində dövlətin gələcəyinə yatırılan investisiyadır.
Bu səbəbdən təhsil və elm sahəsində əməkdaşlığın Bəyannamədə ayrıca istiqamət kimi
müəyyənləşdirilməsi sənədin yalnız bugünkü siyasi və iqtisadi maraqlara deyil, gələcək
nəsillərin inkişafına da hesablandığını göstərir.
Birgə Bəyannamənin siyasi və iqtisadi əhəmiyyəti onun müddəalarının konkret
layihələrə, proqramlara və ölçülə bilən nəticələrə çevrilməsi ilə daha da artacaq.
Bu baxımdan Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın
rolunun xüsusi vurğulanması mühüm əhəmiyyət daşıyır. Sözügedən mexanizm ikitərəfli
əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi, investisiya təşəbbüslərinin əlaqələndirilməsi
və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün səmərəli platforma rolunu
oynaya bilər.
Əsas hədəf siyasi dialoqu iqtisadi nəticələrlə, iqtisadi əməkdaşlığı texnoloji inkişafla,
texnoloji inkişafı isə insan kapitalının gücləndirilməsi ilə əlaqələndirmək olmalıdır.
İki ölkənin vətəndaşları, universitetləri, biznes strukturları, elmi mərkəzləri və ictimai
institutları arasında birbaşa əlaqələrin genişləndirilməsi də bu prosesin mühüm tərkib
hissəsidir. Çünki davamlı strateji tərəfdaşlıq yalnız hökumətlərarası münasibətlər üzərində
deyil, həm də xalqlar arasında qarşılıqlı etimad və anlaşma üzərində qurulur.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərinin yeni
məzmun və istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından mühüm sənəddir.
Bu Bəyannamə Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətinin, beynəlxalq
tərəfdaşlarla qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlıq modelinin növbəti
ifadəsidir. Sənədin müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerji sahəsindən təhsilə,
innovasiyadan insanlararası əlaqələrə qədər geniş sahələri əhatə etməsi tərəfdaşlığın
uzunmüddətli xarakterini müəyyənləşdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas
xüsusiyyətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş,
mühüm iqtisadi və nəqliyyat qovşağı, regional sülh və əməkdaşlıq təşəbbüslərinin fəal
iştirakçısı kimi mövqeyinin gücləndirilməsidir.
Böyük Britaniya ilə imzalanmış bu sənəd də həmin strategiyanın mühüm
istiqamətlərindən biri kimi qiymətləndirilməlidir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş siyasi üstünlükləri
dayanıqlı iqtisadi inkişafa, yeni investisiyalara, müasir texnologiyalara, güclü insan kapitalına
və regional əməkdaşlığın genişlənməsinə çevirməkdir.
Strateji tərəfdaşlığın həqiqi dəyəri də məhz bu nəticələrlə ölçüləcək. Azərbaycan-Böyük
Britaniya münasibətlərinin yeni mərhələsi qarşılıqlı etimadın, bərabərhüquqlu əməkdaşlığın və
ortaq maraqların əsasında hər iki ölkə üçün uzunmüddətli faydalar yaratmaq potensialına
malikdir.
Aysel Qurbanova,
Sabirabad rayonu Xəlfəli kənd uşaq bağçasının müdiri