Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem
tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkəmizin
beynəlxalq aləmdə artan nüfuzunun və ardıcıl xarici siyasət kursunun növbəti parlaq
təzahürüdür. Bu tarixi sənəd iki ölkə arasındakı onilliklərə söykənən ənənələri – xüsusilə 1994-
cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq
Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamələrin təməlini keyfiyyətcə yeni
müstəviyə – strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.
Qəbul olunan sənəddə tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və
prinsiplərinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına,
suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə qəti sadiqliyi vurğulanır.
Eyni zamanda, Bəyannamədə 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Sülh Zirvəsi
Bəyannaməsinin tarixi əhəmiyyəti xüsusi qeyd olunur. Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması və Böyük
Britaniyanın bu istiqamətdəki səylərə davamlı dəstəyi regionda uzunmüddətli və davamlı
sülhün bərqərar olunmasına mühüm töhfədir. Birləşmiş Krallığın ikitərəfli dialoq vasitəsilə
regionun sabitliyinə dəstək verməsi hər iki tərəfin maraqlarına tam cavab verir.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi Dublin
Bəyannaməsinin aparıcı istiqamətlərindən biridir. İştirakçılar regional sülh və sabitliyi
dəstəkləmək, ümumi təhdidlərin qarşısını almaq və onlara adekvat cavab vermək üçün
qabiliyyətlərini artırmaq barədə ortaq uzunmüddətli öhdəlik götürürlər. Yüksək səviyyəli
qarşılıqlı fəaliyyətin qorunub saxlanılması, təlimlər, potensialın artırılması və müdafiə sənayesi
sahəsində birgə təşəbbüslərin araşdırılması ikitərəfli hərbi əməkdaşlığı yeni mərhələyə
daşıyır. Eyni zamanda, qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək məqsədilə
hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi, həmçinin məhkəmə və hüquqi sahələrdə
tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
İqtisadi müstəvidə güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin,
investisiyaların və innovasiyanın hər iki ölkə üçün uzunmüddətli rifahın əsası olduğu qəbul
edilir. Bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində kommersiya tərəfdaşlıqlarının
təşviqi prioritet təşkil edir. Britaniyanın sərhədyanı ticarət və investisiyaları asanlaşdıran
nəqliyyat, logistika layihələri ilə yanaşı, strateji əhəmiyyətə malik Orta Dəhlizin inkişafına
dəstək verməsi Azərbaycanın regional logistika mərkəzi kimi rolunu gücləndirir. İqlim
dəyişikliyinə davamlılıq, sıfır emissiya hədəfləri, yaşıl maliyyələşdirmə və aşağı karbonlu
texnologiyalar sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bu istiqamətdə Ticarət və İqtisadi
Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya investisiya və enerji layihələrinin
reallaşdırılmasında əsas platforma rolunu oynayır.
Tərəflər uzunmüddətli rifah və sosial dayanıqlığın təhsil, elm, tədqiqat və innovasiyadan
bilavasitə asılı olduğunu qəbul edirlər. Ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların
inkişafı, eləcə də dövlət sektorunda təlimlər sahəsində əməkdaşlıq dərinləşdirilir. Süni intellekt,
rəqəmsal idarəetmə, inkişafda olan texnologiyalar və həyat elmləri sahəsində universitetlərin
və tədqiqat institutlarının birgə fəaliyyəti təşviq edilir. Eyni zamanda, iki xalq arasında etimad,
səmimilik və güclü insanlararası əlaqələrin qurulması üçün vətəndaş cəmiyyətləri və peşəkar
şəbəkələr səviyyəsində mübadilələr dəstəklənir.
Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin gələcək
vizyonunu müəyyənləşdirərək, hər iki xalqın rifahına və regional tərəqqiyə xidmət edən
möhkəm təməl yaradır.
Əfsər Əzizov,
RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi
məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün
təşkilatçısı)