Вернуться назад Распечатать

Azərbaycanın xarici siyasətinin növbəti uğuru

 

Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin
genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli
maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini
təşkil edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki
ölkənin münasibətlərinin inkişafında xüsusi əhəmiyyət daşıyan siyasi və diplomatik hadisədir.
Sənəd Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzun illər ərzində formalaşmış əlaqələrin yeni
məzmunla zənginləşdirilməsini, əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və gələcək
münasibətlərin konkret strateji hədəflər əsasında qurulmasını nəzərdə tutur.
Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə
Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
kimi qiymətləndirilə bilər. Sənəd Azərbaycanın Avropa ilə əməkdaşlıq coğrafiyasının
genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyi sistemində rolunun artırılması, eləcə də
müdafiə və texnoloji potensialının inkişafı baxımından yeni perspektivlər açır.
Sənədin əhəmiyyəti təkcə iki ölkə arasında siyasi münasibətlərin daha yüksək
səviyyəyə qaldırılması ilə məhdudlaşmır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq
münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi və müxtəlif istiqamətlər üzrə
əməkdaşlığının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının inkişafı, dəmir yollarının modernləşdirilməsi,
avtomobil yollarının və logistika mərkəzlərinin yaradılması Azərbaycanın tranzit potensialını
əhəmiyyətli dərəcədə gücləndirib. Bu imkanlar ölkəmizin beynəlxalq ticarət marşrutlarında
etibarlı tranzit məntəqəsi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin iqtisadi
əməkdaşlığına da xidmət edir. Böyük Britaniya ilə nəqliyyat, logistika və infrastruktur
sahələrində əməkdaşlığın genişləndirilməsi bu potensialın daha səmərəli reallaşdırılması üçün
əlavə imkanlar yarada bilər.
İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti yaşıl enerji keçidi və dayanıqlı inkişaf
məsələləridir. Qlobal iqlim dəyişiklikləri, enerji resurslarına tələbatın artması və enerji
təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu şəraitdə
bərpaolunan enerji mənbələrinin inkişafı, aşağıkarbonlu texnologiyaların tətbiqi və yaşıl
maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Azərbaycan
zəngin külək və günəş enerjisi potensialından istifadə etməklə enerji sisteminin
şaxələndirilməsi, yaşıl iqtisadiyyatın formalaşdırılması və ekoloji dayanıqlığın gücləndirilməsi
istiqamətində mühüm layihələr həyata keçirir.
Maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi də sənədin
iqtisadi məzmununu zənginləşdirən mühüm müddəalardandır. Davamlı investisiyaların, ticarət
maliyyələşdirilməsinin, kiçik və orta sahibkarlığın inkişafının, eləcə də yaşıl maliyyələşdirmənin
dəstəklənməsi məqsədilə müvafiq qurumlar və maliyyə institutları arasında dialoqun
genişləndirilməsi nəzərdə tutulur. Bu yanaşma ölkəmizdə sahibkarlığın inkişafı, qeyri-neft
sektoruna investisiyaların artırılması, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq maliyyə
bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından perspektivlər vəd edir.
Bəyannamədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın roluna xüsusi əhəmiyyət verilməsi də təsadüfi deyil. Bu mexanizm iqtisadi,
ticarət və investisiya münasibətlərinin əlaqələndirilməsi, texniki dialoqun aparılması və konkret
təşəbbüslərin irəli sürülməsi üçün əsas platforma kimi nəzərdə tutulur. Tərəflərin investisiya,
iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri bu
platforma vasitəsilə irəlilətmək niyyəti sənədin praktik məzmununu daha da gücləndirir.
Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri insan
kapitalının inkişafı, elmi potensial və innovativ texnologiyaların tətbiqidir. Bu baxımdan
Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiya sahələrinə geniş yer ayrılması xüsusi
əhəmiyyət daşıyır. Tərəflər ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət
sektorunda təlim, universitetlər və elmi-tədqiqat institutları arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini qəbul edirlər.

Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə, yeni texnologiyalar və həyat elmləri sahələrində
təcrübə mübadiləsinin təşviqi gələcək əməkdaşlığın perspektivli istiqamətlərini
müəyyənləşdirir. Bu sahələrdə Böyük Britaniyanın elmi və texnoloji təcrübəsindən
yararlanmaq, Azərbaycan universitetlərinin beynəlxalq elmi əlaqələrini genişləndirmək, birgə
tədqiqat layihələri və innovasiya təşəbbüsləri həyata keçirmək üçün imkanlar mövcuddur. Eyni
zamanda, peşə təhsili və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişafı
iqtisadiyyatın uzunmüddətli rəqabət qabiliyyətinin artırılmasına xidmət edə bilər.
İnsanlararası əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin inkişafı da
strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Çünki dövlətlər arasında davamlı münasibətlər
yalnız siyasi dialoq və iqtisadi maraqlarla deyil, xalqlar arasında qarşılıqlı anlaşma və etimadın
möhkəmləndirilməsi ilə də şərtlənir. Təhsil və mədəniyyət sahəsində mübadilələrin
genişləndirilməsi, vətəndaş cəmiyyətləri arasında birbaşa əlaqələrin təşviqi iki ölkənin
münasibətlərinə uzunmüddətli sosial və humanitar məzmun qazandıra bilər.
Bəyannamənin mühüm cəhətlərindən biri də strateji tərəfdaşlığın davamlılığını təmin
edən konkret mexanizmin nəzərdə tutulmasıdır. Sənədə əsasən, tərəflər hər il Strateji
Tərəfdaşlıq görüşü keçirərək sənəddə müəyyənləşdirilmiş üç əsas istiqamət üzrə əldə olunan
irəliləyişləri nəzərdən keçirəcək, gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirəcək və
praktiki tədbirlərin həyata keçirilməsini müzakirə edəcəklər. Bu müddəa sənədin yalnız siyasi
niyyətlərin bəyanı olmadığını, həm də razılaşdırılmış istiqamətlər üzrə müntəzəm dialoq və
nəticəyönümlü fəaliyyət üçün institusional əsas formalaşdırdığını göstərir. Eyni zamanda,
əməkdaşlığın mövcud resurslar və tərəflərin müvafiq qanunvericiliyi çərçivəsində həyata
keçirilməsi prinsipi də təsbit olunur.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli
münasibətlərin inkişafında mühüm siyasi mərhələ olmaqla yanaşı, Azərbaycanın beynəlxalq
əməkdaşlıq strategiyasının əhəmiyyətli istiqamətlərindən birini təşkil edir. Sənədin başlıca
əhəmiyyəti siyasi etimadın müdafiə və təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, elm
və innovasiya sahələrində konkret əməkdaşlıq perspektivləri ilə tamamlanmasındadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici
siyasət Azərbaycanın müxtəlif beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydaya söykənən
münasibətlər qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradıb. Böyük
Britaniya ilə strateji tərəfdaşlığın rəsmi olaraq yeni səviyyəyə yüksəldilməsi də bu siyasətin
ardıcıl və məqsədyönlü xarakterini nümayiş etdirir. Bu tərəfdaşlıq Azərbaycanın Avropa ilə
iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyinə töhfəsinin
artırılması, eləcə də elmi-texnoloji potensialının inkişafı baxımından mühüm imkanlar açır.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru