Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi
əsasları mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında
Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və
Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər
olmuşdur. Sonrakı dövrdə siyasi dialoqun genişlənməsi, iqtisadi və enerji sahələrində
əməkdaşlığın dərinləşməsi, qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində təmaslar
münasibətlərin daha yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Yeni Birgə Bəyannamə
məhz bu tarixi təcrübəyə və formalaşmış qarşılıqlı etimada əsaslanaraq strateji tərəfdaşlığın
institusional çərçivəsini müəyyənləşdirir.
2026-cı il noyabrın 12-də Dublində qəbul edilən sənəd Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri
Endi Börnham tərəfindən imzalanmışdır. Bəyannamənin əsas mahiyyəti münasibətlərin
qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldilməsidir. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi
inkişaf, təhsil və innovasiya əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən edilmişdir. Bu
yanaşma göstərir ki, tərəflər ikitərəfli münasibətləri yalnız ənənəvi əməkdaşlıq sahələri ilə
məhdudlaşdırmaq niyyətində deyil, eyni zamanda yeni dövrün çağırışlarına uyğun geniş və
çoxşaxəli tərəfdaşlıq modeli formalaşdırmağa çalışırlar.
Bəyannamənin mühüm müddəalarından biri beynəlxalq hüququn fundamental
prinsiplərinə sadiqliyin bir daha təsdiqlənməsidir. Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq
səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət sənədin siyasi-hüquqi əsasını təşkil
edir. Bu prinsiplərin xüsusi vurğulanması Azərbaycanın xarici siyasətinin prioritetləri ilə uzlaşır.
Azərbaycan hər zaman beynəlxalq münasibətlər sistemində dövlətlərin suveren bərabərliyinin
qorunmasını, ərazi bütövlüyünün təmin olunmasını və beynəlxalq hüququn bütün ölkələrə
münasibətdə eyni meyarlarla tətbiq edilməsini müdafiə etmişdir. Bu baxımdan Bəyannamə
qarşılıqlı münasibətlərin hüquqi prinsiplər əsasında inkişaf etdirilməsi baxımından da mühüm
əhəmiyyət kəsb edir.
Sənəddə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi yer ayrılması müasir
beynəlxalq münasibətlər sistemində baş verən proseslərin düzgün qiymətləndirilməsindən irəli
gəlir. Hazırkı dövrdə regional münaqişələr, transsərhəd təhdidlər, yeni təhlükəsizlik riskləri və
geosiyasi gərginliklər dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini artırır.
Azərbaycan və Birləşmiş Krallıq bu reallıqları nəzərə alaraq müdafiə və təhlükəsizlik
sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə təlimlərin təşkili, mütəxəssis hazırlığı,
institusional imkanların artırılması və müdafiə sənayesi üzrə perspektivlərin araşdırılması
istiqamətində qarşılıqlı fəaliyyət göstərməyi nəzərdə tuturlar.
Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələrin genişləndirilməsi,
sərhəd idarəçiliyi, hüquqi və məhkəmə sahələrində əməkdaşlıq da Bəyannamədə əksini
tapmışdır. Bu istiqamətlər dövlət institutlarının dayanıqlığının gücləndirilməsi, qanunun
aliliyinin təmin olunması və müasir təhlükəsizlik çağırışlarına qarşı daha çevik mexanizmlərin
formalaşdırılması baxımından əhəmiyyətlidir. Tərəflərin beynəlxalq platformalarda ortaq
maraqların uzlaşdığı məsələlər üzrə əməkdaşlıq etmək niyyəti isə ikitərəfli münasibətlərin
daha geniş beynəlxalq müstəviyə çıxarılmasına imkan yaradır.
Azərbaycan ilə Birləşmiş Krallıq arasında strateji tərəfdaşlığın digər mühüm istiqaməti
iqtisadiyyat, ticarət və investisiya əlaqələrinin genişləndirilməsidir. Azərbaycan əlverişli coğrafi
mövqeyi, zəngin enerji potensialı, inkişaf etmiş nəqliyyat infrastrukturu və həyata keçirdiyi
iqtisadi islahatlarla beynəlxalq investorlar üçün mühüm imkanlar təqdim edir. Birləşmiş
Krallığın maliyyə, texnologiya, xidmətlər və investisiya sahələrində malik olduğu təcrübə isə bu
imkanların daha səmərəli reallaşdırılmasına töhfə verə bilər. Bəyannamədə uzunmüddətli
kommersiya tərəfdaşlıqlarının təşviqi, bilik və təcrübə mübadiləsi, biznes dairələri arasında
əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması əsas hədəflər
sırasında göstərilir.
İqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı və
iqtisadiyyatın şaxələndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Müasir iqtisadi
münasibətlərdə yalnız ticarət dövriyyəsinin artırılması deyil, həm də yeni istehsal sahələrinin
yaradılması, texnoloji yeniliklərin tətbiqi, insan kapitalının inkişafı və yüksək əlavə dəyər
yaradan fəaliyyət istiqamətlərinin genişləndirilməsi vacibdir. Bu baxımdan Bəyannamədə
infrastruktur, xidmətlər və bərpaolunan enerji sahələrinə xüsusi diqqət yetirilməsi gələcək
əməkdaşlığın iqtisadi baxımdan daha məhsuldar olacağını göstərir.
Sənədin diqqətçəkən müddəalarından biri Orta Dəhlizin inkişafına verilən önəmdir.
Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı kimi regional və
beynəlxalq ticarət əlaqələrinin genişlənməsində getdikcə daha böyük rol oynayır. Şərq-Qərb
nəqliyyat marşrutlarının inkişafı, liman və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi,
tranzit imkanlarının artırılması ölkəmizin beynəlxalq iqtisadi sistemdə mövqeyini gücləndirir.
Birləşmiş Krallığın bu istiqamətdə əməkdaşlığa maraq göstərməsi Azərbaycanın nəqliyyat-
logistika potensialının beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilməsinin
göstəricisidir. Orta Dəhlizin inkişafı yalnız yükdaşımaların həcminin artırılması ilə
məhdudlaşmır, eyni zamanda region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın
güclənməsinə, yeni investisiya layihələrinin yaranmasına və ticarət əlaqələrinin şaxələnməsinə
xidmət edir.
Enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi də Birgə
Bəyannamənin mühüm müddəalarındandır. Azərbaycan uzun illərdir Avropanın enerji
təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Bununla yanaşı, ölkəmiz ənənəvi
enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, alternativ və bərpaolunan enerji
mənbələrinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirib. Günəş və külək enerjisi
potensialı, yaşıl enerji layihələri və enerji infrastrukturunun modernləşdirilməsi Azərbaycanın
gələcək enerji strategiyasının əsas komponentləridir. Bəyannamədə təmiz enerji keçidi, yaşıl
maliyyələşmə, aşağı karbonlu texnologiyalar və iqlim dayanıqlığının gücləndirilməsi
məsələlərinin yer alması iki ölkə arasında əməkdaşlığın müasir ekoloji və iqtisadi çağırışlara
uyğunlaşdırıldığını nümayiş etdirir.
Maliyyə və kapital bazarları üzrə əməkdaşlığın genişləndirilməsi də gələcək üçün
mühüm perspektivlər yaradır. Maliyyə institutları arasında təcrübə mübadiləsi, kiçik və orta
sahibkarlığın maliyyələşdirilməsi, ticarət maliyyəsi, yaşıl investisiyalar və beynəlxalq bazarlara
çıxış imkanlarının artırılması iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə
şərait yarada bilər. Bu prosesdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi nəzərdə tutulur. Komissiya investisiya,
iqtisadi şaxələndirmə, Orta Dəhliz və enerji sahələrində təşəbbüslərin əlaqələndirilməsi üçün
əsas platforma kimi çıxış edəcək.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlətin münasibətlərində
yeni mərhələnin başlanğıcını ifadə edir. Sənədin əhəmiyyəti onun əhatə etdiyi sahələrin
genişliyi ilə yanaşı, gələcəyə hesablanmış əməkdaşlıq mexanizmləri və qarşılıqlı maraqlara
əsaslanan yanaşması ilə müəyyən olunur. Müdafiə və təhlükəsizlikdən iqtisadi inkişafa, enerji
əməkdaşlığından təhsilə və innovasiyaya qədər müxtəlif istiqamətlərin vahid strateji çərçivədə
birləşdirilməsi münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
Azərbaycanın müstəqil xarici siyasəti, artan beynəlxalq nüfuzu və regional təşəbbüsləri
ölkəmizin dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurmaq imkanlarını daha da
genişləndirir. Birləşmiş Krallıqla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi
də bu siyasətin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Əsas məsələ bundan
sonra sənəddə müəyyənləşdirilmiş hədəflərin konkret layihələrə, iqtisadi nəticələrə və davamlı
siyasi dialoqa çevrilməsidir. Şübhəsiz ki, qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli
əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilən Azərbaycan–Böyük Britaniya münasibətləri
həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də regional sabitlik və beynəlxalq
əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəkdir.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi