Müasir dövrdə beynəlxalq nüfuzun əsas göstəricilərindən biri dövlətlərarası
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin noyabrın 12–13-də İrlandiyaya işgüzar səfəri ölkəmizin Avropa
dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində keçirilən dəyirmi masada dövlətimizin başçısı respublikamızın
Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açaraq qeyd etdi ki, Azərbaycan
qazının Avropa bazarına ixracı son illərdə artıb və ölkəmiz Avropanın enerji təchizatının
şaxələndirilməsində mühüm tərəfdaşlardan birinə çevrilib. Bununla yanaşı, bərpaolunan enerji,
yaşıl enerji ixracı və nəqliyyat-logistika layihələri üzrə əməkdaşlığın genişləndirilməsi
perspektivləri diqqətə çatdırıldı.
Dublin səfərinin mühüm istiqamətlərindən biri Prezident İlham Əliyevin dövlət və
hökumət başçıları ilə keçirdiyi görüşlər oldu. Moldova, Bolqarıstan, Ermənistan, Yunanıstan,
Çexiya, Rumıniya, Litva, Ukrayna və Avropa İttifaqı rəhbərliyi ilə aparılan müzakirələrdə
ikitərəfli münasibətlər, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat
kommunikasiyalarının inkişafı məsələləri nəzərdən keçirildi. Xüsusilə Ermənistanın Baş naziri
Nikol Paşinyanla görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh
gündəliyinin irəlilədilməsi və regional kommunikasiyaların açılması məsələləri müzakirə edildi.
Bu təmas Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın təmin olunması baxımından
siyasi dialoqun əhəmiyyətini bir daha göstərdi.
Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem
tərəfindən imzalanan sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoyur.
Bu hadisə uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq əlaqələrinin daha yüksək
səviyyəyə çatdırılması ilə yanaşı, Azərbaycanın beynəlxalq siyasi proseslərdə artan nüfuzunu
və etibarlı tərəfdaş statusunu nümayiş etdirir. Sənəd iki ölkə arasında mövcud əlaqələrin
möhkəmləndirilməsi ilə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini və prioritetlərini də
müəyyənləşdirir. Bəyannamənin mühüm xüsusiyyətlərindən biri onun Azərbaycan-Böyük
Britaniya münasibətlərini yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşdırmamasıdır.
Sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil, elm və innovasiya sahələri
əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib. Birgə Bəyannamədə müdafiə və
təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb. Tərəflər regional sülhün və sabitliyin qorunması,
ümumi təhlükələrə qarşı mübarizə imkanlarının artırılması və təhlükəsizlik sahəsində qarşılıqlı
fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər.
İqtisadi əməkdaşlığın genişləndirilməsi strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir. Ticarət,
investisiya, enerji, infrastruktur, Orta Dəhliz, bərpaolunan enerji, təhsil və innovasiya
sahələrində əməkdaşlığın inkişafı qarşılıqlı maraqların daha geniş müstəvidə
reallaşdırılmasına imkan yaradır. Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük
investoru olması iqtisadi əlaqələrin möhkəm əsaslara söykəndiyini təsdiqləyir.
Sənədin mühüm xüsusiyyətlərindən biri də onun icrasına nəzarət və gələcək
prioritetlərin müəyyənləşdirilməsi üçün illik strateji tərəfdaşlıq görüşlərinin keçirilməsidir. Bu
sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin yalnız ənənəvi enerji əməkdaşlığı ilə
məhdudlaşmadığını, daha geniş siyasi, iqtisadi və texnoloji tərəfdaşlığa doğru inkişaf etdiyini
göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və balanslaşdırılmış
xarici siyasət Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə milli maraqlarını qorumasına,
müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı münasibətlər qurmasına imkan yaradıb.
Böyük Britaniya ilə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi də bu siyasi kursun məntiqi
nəticəsidir.
Birgə Bəyannamədə insan kapitalının inkişafına da mühüm əhəmiyyət verilir. Tərəflər
təhsil, elmi tədqiqat, innovasiya və peşə bacarıqları sahələrində əməkdaşlığın
dərinləşdirilməsinin uzunmüddətli iqtisadi inkişaf üçün vacib olduğunu vurğulayırlar. Sənəddə
universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye sektoru arasında əməkdaşlığın təşviqi də
nəzərdə tutulur. Rəqəmsallaşma, yeni texnologiyalar, həyat elmləri, süni intellekt və rəqəmsal
idarəetmə sahələrində təcrübə mübadiləsi tərəflərin diqqət yetirəcəyi məsələlərdəndir.
Birgə Bəyannamənin mühüm siyasi əhəmiyyəti BMT Nizamnaməsinə, beynəlxalq
hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə
hörmətin bir daha təsdiqlənməsidir. Azərbaycan uzun illər beynəlxalq hüququn prinsiplərinə
əsaslanaraq ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə aparıb. Bu gün
ölkəmizin suverenliyini tam bərpa etməsi regionda yeni siyasi reallıqlar yaradıb. Sənəddə
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanın əhəmiyyətinin vurğulanması
və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səylərin
dəstəklənməsi də xüsusi siyasi məna daşıyır.
Ümumilikdə, Prezident İlham Əliyevin Dublin səfəri Azərbaycanın Avropa ilə siyasi
dialoqunun genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı, regional
sülh gündəliyinin müzakirəsi və Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyə
yüksəldilməsi baxımından əhəmiyyətli oldu.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru