Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli danışıqlar aparacaqlar.
1xeber.media xəbər verir ki, tarixdə ilk dəfə keçiriləcəyi bildirilən bu görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq. Ağ Ev artıq üç liderin görüşünü təsdiqləyib və müzakirə olunacaq məsələlərdən birinin nüvə silahı ehtiyatlarının məhdudlaşdırılması olacağını açıqlayıb.
Görüş ideyası necə ortaya çıxıb?
“Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ, Rusiya və Çin liderlərinin ilk üçtərəfli sammitinin keçirilməsi ideyası oktyabrın 9-da Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.
Həmin vaxt bu məlumat rəsmi şəkildə təsdiqlənməsə də, sonradan Kremlin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün təşkili ilə bağlı müzakirələrin aparıldığını bildirib.
Görüşün keçirilməsi üçün Çin tərəfinin ev sahibliyi etdiyi APEC sammiti uyğun platforma kimi təklif olunub. Pekin Moskva və Vaşinqtonun etiraz etməyəcəyi təqdirdə belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu nümayiş etdirib.
Bir neçə həftə davam edən ilkin danışıqlardan sonra tərəflər görüşün keçirilməsi barədə razılığa gəliblər. Əvvəlcə Kreml, daha sonra Ağ Ev və Çin Xarici İşlər Nazirliyi liderlərin görüşdə iştirakını təsdiqləyib.
Sammit harada və nə vaxt keçiriləcək?
APEC-in 34-cü sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində təşkil olunacaq. Üçtərəfli danışıqların isə noyabrın 19-da yerli proqram çərçivəsində keçirilməsi nəzərdə tutulur.
Ağ Evin açıqladığı məlumata əsasən, Putin, Tramp və Si Cinpin arasında görüş Kylin Villa hotel kompleksində Bakı vaxtı ilə 11:30-da (Moskva vaxtı ilə 09:30) başlayacaq.
Bundan əvvəl Donald Tramp Si Cinpinlə ayrıca görüş keçirəcək və APEC sammitinin digər tədbirlərində iştirak edəcək.
Qeyd edək ki, Şençjen Çinin texnologiya və innovasiya mərkəzlərindən biri hesab olunur. Vaxtilə balıqçı kəndi olan şəhər ölkənin ilk xüsusi iqtisadi zonası statusu qazandıqdan sonra sürətlə inkişaf edərək böyük metropolə çevrilib.
Liderlər hansı məsələləri müzakirə edəcəklər?
Mətbuatda yayılan məlumatlara görə, üçtərəfli görüşün əvvəlcədən razılaşdırılmış konkret gündəliyi olmayacaq. Bu formatı əsasən ABŞ tərəfinin dəstəklədiyi və liderlər arasında sərbəst fikir mübadiləsinin aparılmasını istədiyi bildirilir.
Çin tərəfi isə danışıqların daha sistemli keçirilməsini və iştirakçıların əvvəlcədən müəyyən edilmiş mövzular üzrə mövqelərini hazırlamasını istəyib.
Ağ Evin açıqlamasında nüvə silahı ehtiyatlarının məhdudlaşdırılması məsələsi xüsusi qeyd olunub. Bu mövzu Rusiya, ABŞ və Çin arasında strateji təhlükəsizlik və beynəlxalq sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, APEC təşkilatına Sakit okean hövzəsində yerləşən 21 iqtisadiyyat daxildir. Rusiya, ABŞ və Çinin eyni təşkilatda təmsil olunması üç ölkə liderlərinin bir araya gəlməsi üçün əlavə imkan yaradıb.
Noyabrın 19-da keçiriləcək görüşün nəticələrinin üç ölkə arasındakı münasibətlərə və qlobal təhlükəsizlik məsələlərinə necə təsir edəcəyi diqqətlə izlənilir.