Bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsindən keçmədiyi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alıb. Lakin Akademiyanın qiymətləndirmə nəticəsi mənfi olub.
1xeber.media xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və akkreditasiyanın nəticələri Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar qəbul edilir.
“Şuranın qərarları barədə Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilir. Bununla əlaqədar, Akademiyanın institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri barədə yayılan məlumatların rəsmi qərar kimi təqdim olunması düzgün deyil. Məsələ ilə bağlı ictimaiyyətə yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edirik”, - məlumatda qeyd olunub.