Вернуться назад Распечатать

Cəbrayılda iş tapa bilmədiyini deyən qadınla bağlı - Rəsmi açıqlama

Cəbrayıl rayonunun Şükürbəyli kənd sakini Samirə Rüstəmova işlə təmin olunmamasından şikayətlənir.

1xeber.media xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq bu ilin mayında Cəbrayılda keçirilən görüş zamanı ona yeni mənzili təhvil verildikdən sonra işlə təmin edilməsi ilə də bağlı müvafiq göstəriş verildiyini bildirib. Lakin dəfələrlə məşğulluq idarəsinə müraciət etməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb.

“Bu günə qədər mənə heç bir köməklik göstərilməyib. Halbuki mən tək qadınam, iki övladım var, onları təkbaşına böyüdürəm. Övladlarım universitet tələbələridir və mənim heç bir yerdən gəlir mənbəyim yoxdur”, - deyə S.Rüstəmova əlavə edib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən hər bir əmək qabiliyyətli məcburi köçkünlə məşğulluq orqanı tərəfindən görüş keçirilir və onların aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır: “Cəbrayıl rayonu, Şükürbəyli kəndinə cari ilin may ayında köç etmiş Rüstəmova Samirə Yusif qızı ilə də elə həmin ay görüş keçirilib və o, özünüməşğulluq proqramının “Qadın gözəllik salonu” zərfi üzrə müraciət etmək istədiyini bildirib. Lakin onun faktiki olaraq adında aktiv VÖEN-in olduğu, işsiz şəxs olmadığı müəyyən edilib və bu səbəbdən may ayında özünüməşğulluq proqramına cəlb edilməyib. Çünki bu proqrama işsiz və işaxtaran şəxslər cəlb edilirlər. Sonrakı dövrdə təkrar müraciət zamanı isə o, müvafiq özünüməşğulluq zərfində nəzərdə tutulmayan avadanlıq istəyib və bu avadanlıq olmadan proqrama cəlb edilmək istəmədiyini qeyd edib.

Sentyabr və oktyabr aylarında Samirə Rüstəmova ilə məşğulluq vəziyyətinin öyrənilməsi üçün iki dəfə əlaqə saxlanılarkən o, hər dəfə Bakı şəhərində olduğunu və işlədiyini bildirib. Bu ilin sentyabr ayında onun anası Rüstəmova Gülzar İslam qızı da özünüməşğulluq proqramına müraciət edib. Lakin Gülzar Rüstəmova faktiki məşğul şəxs hesab edildiyi üçün proqrama cəlb edilməyib. 

Qeyd edək ki, hazırda Samirə Rüstəmovanın ailə tərkibi  5 nəfərdən (özü, ata-anası, iki övladı) ibarətdir. Ata və anası yaşa görə aylıq pensiya (978 manat) ilə təmin edilirlər. İki övladından biri tələbədir, digər övladı isə əmək müqaviləsi ilə işləyir.

Samirə Rüstəmova işsiz və işaxtaran olduğu halda və məşğulluq orqanına müraciət edəcəyi təqdirdə işlə təminatına, habelə əgər istəyi olarsa, özünüməşğulluq proqramı çərçivəsində kiçik biznesinin qurulmasına dəstək göstəriləcək”.