Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb dövlətlərini müstəmləkəçilik dövrünə xas quldurluq praktikalarına qayıtmaqda ittiham edib. O bildirib ki, bu cür addımlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyi üçün ciddi risklər yaradır.
1xeber.media xəbər verir ki, Lavrov bu barədə noyabrın 17-də 21-ci Şərqi Asiya Sammitinin iclasında çıxışı zamanı danışıb.
“Dəniz gəmiçiliyinin təhlükəsizliyi problemi qlobal xarakter alır. Bu, təkcə Ərəbistan yarımadası ətrafında baş verən hadisələrlə deyil, həm də bir çox Qərb ölkələrinin müstəmləkə ekspansiyası dövrünün quldurluq praktikalarına açıq şəkildə qayıtması ilə bağlıdır. Müstəmləkəçiliyin tarixə qovuşmadığını, sadəcə yeni formalar aldığını göstərən çoxsaylı nümunələr var”, – deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrov, həmçinin NATO-nun hərbi potensialının Avroatlantik məkanla təhlükəsizliyin bölünməzliyi şüarından istifadə edilərək Hind-Sakit okean regionuna genişləndirildiyini iddia edib.
Onun sözlərinə görə, bu proses regionda təhlükəsizliklə bağlı əlavə risklər yaradır.
Rusiya XİN rəhbərinin açıqlaması beynəlxalq gəmiçilik təhlükəsizliyi və Hind-Sakit okean regionunda hərbi-siyasi vəziyyətlə bağlı narahatlıqların müzakirə olunduğu bir vaxta təsadüf edib.