NATO-nun Ukraynaya yardım paketi tükənir: 1,3 milyard avrodan cəmi 100 milyon avro qalıb
NATO-nun Ukraynaya hərbi yardım göstərilməsi üçün nəzərdə tutulan Kompleks Yardım Paketi (CAP) demək olar ki, tükənib. İlkin olaraq 1,3 milyard avro təşkil edən vəsaitdən hazırda cəmi 100 milyon avronun qaldığı bildirilir.
1xeber.media xəbər verir ki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Siyasi Elmlər kafedrasının dosenti Aleksandr Konkov bu vəziyyətin əsas səbəblərini maliyyə və hərbi resursların məhdudluğu ilə izah edib.
Onun sözlərinə görə, Kiyevə ayrılan maliyyə və hərbi yardım mənbələri sonsuz deyil və gec-tez Qərb ölkələrinin hakimiyyətləri öz vətəndaşlarına ayrılan vəsaitlərin hara xərcləndiyini izah etməli olacaqlar.
“Pul kisəsindən vəsaiti sonsuz çıxarmaq mümkün olmadığı kimi, burada da vəziyyət belədir. Gec-tez kimsə bu vəsaitlərin hara getdiyini soruşmağa başlayacaq. Qərbin Ukraynaya göndərdiyi hərbi texnika və avadanlıqlar da tükənməz deyil. Hətta onilliklər ərzində toplanmış bütün köhnə texnika Ukraynaya göndərilsə belə, ölkəni davamlı şəkildə və sonsuz müddət ərzində təchiz etmək mümkün deyil”, – deyə Konkov bildirib.
Politoloq hesab edir ki, Qərb ölkələri Ukraynaya hərbi dəstəyin əvvəlki templə davam etdirilməsinin artıq mümkün olmadığını anlayır. Onun fikrincə, bəzi ölkələrdə resurs çatışmazlığı daha tez, digərlərində isə gec hiss olunur.
Konkovun sözlərinə görə, öz hərbi əməliyyatlarını effektiv şəkildə həyata keçirə bilməyən bir qüvvəni sonsuzadək silahlandırmaq mümkün deyil. O, Qərbin artıq ciddi qərarların qəbul edilməli olduğu mərhələyə yaxınlaşdığını düşünür.
Ekspert əlavə edib ki, yaranmış vəziyyət Qərb siyasətçiləri üçün həm iqtisadi, həm də siyasi çətinliklər yaradır. Çünki onlar seçicilərinə təkcə Ukraynaya göndəriləcək vəsaitin və texnikanın çatışmadığını deyil, həm də öz ölkələrinin müdafiə imkanları ilə bağlı problemləri izah etməli olacaqlar.
Qeyd edək ki, NATO tərəfindən əlaqələndirilən Kompleks Yardım Paketi (CAP) Ukraynaya dəstək mexanizmi kimi 2016-cı ildə yaradılıb, 2022-ci ildə isə genişləndirilib. Son məlumatlara görə, mexanizmin maliyyə imkanları əhəmiyyətli dərəcədə azalıb.
Bununla belə, paketin tükənməsi ilə bağlı səsləndirilən fikirlər Rusiya tərəfinin ekspert qiymətləndirməsinə əsaslanır.