Parlament Azərbaycanda uşağın anadan olmasına görə və dəfn üçün ödənilən məbləğin artırılması təklifini ilk oxunuşda qəbul edib.
1xeber.media oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Belə ki, uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1 500 manat olması nəzərdə tutulur.
Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Yeni qaydanın tətbiqi isə 900 manat artım deməkdir.
Həmçinin dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.
Belə ki, bir nəfər pensiyaçıya ödəniləcək dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata qaldırılması proqnozlaşdırılır.
Sığortaolunanlar üçün bir nəfərə düşən dəfn pulunun orta məbləğinin isə 590 manatdan 700 manata qaldırılması nəzərdə tutulur.
Sözügedən layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.