Avropa Komissiyası Ukraynaya 45 milyard avro həcmində kredit verilməsini təklif edəcək. Kreditin gələcəkdə Rusiyadan alınacağı ehtimal edilən hərbi təzminatlar hesabına ödənilməsi nəzərdə tutulur.
1xeber.media xəbər verir ki, bu barədə “Politico” nəşri müvafiq sənədə istinadən məlumat yayıb.
Sənədə əsasən, Moskva təzminat ödəməkdən imtina edərsə, Avropa İttifaqı kreditin qaytarılması üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək hüququnu özündə saxlayacaq. Beləliklə, Ukraynanın borcu müstəqil şəkildə ödəməsi tələb olunmayacaq.
Brüssel vəsaiti Aİ büdcəsinin təminatı ilə ümumi borc öhdəliklərinin buraxılması yolu ilə cəlb etməyi planlaşdırır.
Yeni maliyyə mexanizminin Ukraynanın 2027-ci il üçün tələb olunan 70 milyard avroluq maliyyə ehtiyacının təxminən üçdə ikisini qarşılayacağı gözlənilir. Qalan vəsaitin Kanada, Yaponiya, ABŞ və Böyük Britaniya kimi beynəlxalq tərəfdaşlardan əldə edilməsi nəzərdə tutulur.
Kredit təşəbbüsü gələn həftənin sonunda Brüsseldə keçiriləcək Aİ liderlərinin görüşündə müzakirə olunacaq. Görüşdə ittifaqın növbəti yeddiillik büdcəsi və Ukraynanın maliyyə ehtiyacları da gündəmdə olacaq.
Bununla yanaşı, Çexiya, Macarıstan və Slovakiya artıq proqramda iştirak etmək istəmədiklərini bəyan ediblər.