Вернуться назад Распечатать

Zakir Həsənov qısa müddətdə sağaldı - Koronavirus təhlükəsi azalıb?

COVID-19 pandemiyasının dünyanı təşvişə saldığı dövrdən bir neçə il keçsə də, virus hələ də tamamilə yox olmayıb. Artıq əvvəlki kimi sərt karantin tədbirləri gündəmdə olmasa da, koronavirusa yoluxma halları qeydə alınır. Müdafiə naziri Zakir Həsənovun da koronavirusa yoluxması infeksiyanın hazırkı vəziyyəti ilə bağlı sualları yenidən aktuallaşdırıb. Amma o qısa müddət sonra işə çıxıb.

Bəs koronavirus əvvəlki illərlə müqayisədə nə dərəcədə təhlükəlidir? Karantin müddəti qısalıbmı?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan infeksionist Ləman Qalimova bildirib ki, koronavirusun müxtəlif növləri olduğundan əlamətləri hər insanda fərqli ola bilər:

"Ümumiyyətlə, COVİD-19 tənəffüs yollarını zədələyən virus infeksiyasıdır. Virusun müxtəlif variantları olduğundan xəstəliyin gedişi və simptomları insandan-insana fərqlənə bilər.

Hazırda müşahidə olunan COVİD-19 infeksiyasının əsas əlamətləri boğaz ağrısı, boğazda qıcıqlanma, qızdırma, üşütmə, sümük, əzələ və oynaq ağrıları, burun axması və tutulması, yorğunluq, halsızlıq və asqırmadır. Bəzi hallarda dad və qoxu hissinin itməsi və ya dəyişməsi də müşahidə oluna bilər. Həmçinin ürəkbulanma, qusma və ishal kimi əlamətlər də yarana bilər. Ümumilikdə, kəskin respirator infeksiyalar zamanı rast gəlinən simptomlar COVİD-19 xəstəliyində də müşahidə oluna bilər.

Lakin kəskin respirator infeksiyalara xas olan hər bir simptom COVİD-19-a yoluxma demək deyil. Buna görə də dəqiq diaqnozun müəyyənləşdirilməsi üçün mütləq test verilməlidir. PCR müayinəsi vasitəsilə xəstəliyin COVİD-19 olub-olmadığını dəqiqləşdirmək mümkündür”.

Həkim bildirib ki, koronavirusa yoluxanlar özbaşına dərman qəbul etməməli, mütləq həkim məsləhəti ilə müalicə olunmalıdırlar:

“Xəstə özünü həddindən artıq halsız hiss edərsə, təcili tibbi yardıma müraciət etməlidir. Ümumiyyətlə, özbaşına dərman qəbul etmək və müalicə sxemi müəyyənləşdirmək yolverilməzdir. Xəstə müalicəyə başlamazdan əvvəl mütləq infeksionistlə məsləhətləşməli və yalnız həkimin təyin etdiyi müalicə sxeminə əməl etməlidir. Təcili tibbi müdaxilə tələb edən əsas əlamətlərə nəfəs almaqda çətinlik, sinədə davamlı ağrı və ya təzyiq hissi, şüurun qarışması, davamlı yuxululuq, dodaqlarda və dəridə göyərmə daxildir. Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir”.

Mütəxəssis bildirib ki, pandemiya dövründə yoluxma və vaksinasiya nəticəsində insanların bir hissəsində virusa qarşı immunitet yaranıb:

“Pandemiya dövründə insanların böyük bir hissəsi koronavirusa yoluxub və vaksinasiya olunub. Bu səbəbdən əhalinin müəyyən hissəsində virusa qarşı immun müdafiə formalaşıb. Lakin koronavirus mutasiyaya uğradıqca əvvəlki vaksinlərin yeni variantlara qarşı təsiri zəifləyə bilər. Buna baxmayaraq, vaksinasiya xəstəliyin ağır keçməsi riskinin azaldılmasında əhəmiyyətini qoruyur. Koronavirus artıq illərdir mövcuddur və bundan sonra da yayılmaqda davam edə bilər. Buna görə də virusdan tamamilə xilas olmaqdan daha çox, yoluxma riskini azaltmaq və qoruyucu tibbi tədbirlərə əməl etmək vacibdir. İnsanlar yeni virus variantlarından qorunmaq üçün müvafiq profilaktik tədbirləri davam etdirməlidirlər”.