5 manat artan pensiya, 10 manat bahalaşan bazar: Biz nə vaxt yaşayacağıq, yoxsa elə həmişə "yola verəcəyik"?
Son iki gündür Milli Məclisdə büdcə müzakirələri gedir. Rəqəmlər havada uçuşur, faizlər hesablanır, "maaşlar artacaq", "pensiyalar qalxacaq" deyilir. Kənardan baxanda adamın ürəyi açılır, deyirsən ki, şükür, gələn ildən cibimiz bir az dolacaq. Amma kağız üzərindəki o gözəl rəqəmlərlə marketin kassasındakı çek nədənsə heç vaxt üst-üstə düşmür.
Bizdə qəribə bir riyaziyyat var. Səhər xəbərlərdə eşidirsən ki, pensiyaya, maaşa 5-10 manat əlavə olunur. Sevinib bazara düşürsən ki, evə bir kilo ət, iki kilo meyvə alasan, görürsən ki, satıcı artıq səndən qabaq xəbərlərə baxıb. Hələ o 5 manat cibinə girməmiş, bazar 10 manat bahalaşıb. İndi gəl, bu tənliyi həll elə!
Axı insan təkcə çörək və su ilə yaşamır. Hələ təkcə qarın doyurmaq məsələsini bir kənara qoyaq. Bu millətin xeyiri var, şəri var. Qonşunun toyuna əliboş getmək olmur, qohumun yasında başsağlığına getməmək ayıbdır. Uşağın əyninə-başına bir paltar almaq lazımdır ki, məktəbdə dostlarının yanında gözükölgəli qalmasın. Bəs xəstələnmək? İndi xəstələnmək də lüks həyata daxildir. Aptekə girəndə elə bil zərgər dükanına girirsən, reseptdəki dərmanların qiymətinə baxanda adamın təzyiqi dərmansız-filansız qalxır.
Büdcə müzakirələrində deyirlər ki, əhalinin rifah halı yaxşılaşacaq. Yaxşı, bəs bu qiymət artımının qabağını kim alacaq? Əgər maaşın 10 faiz artımı bazarda 20 faiz bahalaşma ilə müşayiət olunursa, bunun adına "artım" yox, sadəcə "yerində saymaq" deyilir. Biz elə hey ayağımızı yorğanımıza görə uzatmağa çalışırıq, amma yorğan elə gödəlib ki, başımızı örtəndə ayağımız açıqda qalır, ayağımızı örtəndə başımız.
Nəticədə nə baş verir? Sadə vətəndaş yenə də "yaşamaq" yox, "günü yola vermək" rejimində qalır. Səhər işə gedir, axşam evə gəlir, ayın axırında da maaş kartına baxıb kreditləri, kommunalı, borc-xərci bölüşdürür. Özünə nə qalır? Heç nə! Sadəcə gələn ayın maaşını gözləmək ümidi.
İstəyimiz çox böyük deyil ki. Sadəcə istəyirik ki, artan maaş və pensiya doğrudan da cibimizdə hiss olunsun. Yoxsa bir əllə verib, o biri əllə bazarın vasitəsilə geri aldıqdan sonra, o rəqəmlərin bizim üçün heç bir mənası qalmır. Biz sürünmək yox, normal, insanca yaşamaq istəyirik. Çünki ömür gedir, vaxt gözləmir, bazar isə heç vaxt güzəştə getmir...
Aidə Tofiqqızı
1xeber.media