Вернуться назад Распечатать

Təbiiliyin nadir eksponata çevrildiyi dövr: Hamı niyə eyni adama bənzəyir?

 Eyni fabrikdən çıxan üzlər: Biz niyə özümüz olmaqdan bu qədər qorxuruq?
Son vaxtlar küçəyə çıxanda, kafeyə girəndə, ya da elə telefonda sosial şəbəkələri vərəqləyəndə adama elə gəlir ki, hamı eyni bir insanın surətidir. Eyni burun, eyni dodaq, eyni qaş quruluşu, hətta eyni mimikalar... Sanki haradasa gizli bir fabrik işləyir, insanları içəri salıb hamısını eyni qəlibdən çıxarırlar.
Əvvəllər bir adamı üzündən, mimikasından, fərqli cizgilərindən tanıyırdıq. İndi isə baxırsan, qarşındakı adam dostundur, yoxsa İnstaqramda gördüyün hansısa fenomen, ayırd etmək olmur.
Yaxşı, bəs niyə belə oldu? Biz nə vaxtdan fərqli olmağı eyib saymağa başladıq?
Əslində məsələ təkcə estetik əməliyyatda, iynədə, dolğuda deyil. Məsələ beynimizin içindəki o qəribə boşluqdadır. Biz özümüzü olduğumuz kimi bəyənməyi unutmuşuq. Kimsə ekrandan bizə deyir ki, "gözəllik budur", biz də sorğu-sualsız qaçırıq həmin qəlibə girməyə. Özümüzə kənardan baxıb "bu mənim anamın gözüdür, atamın qaşıdır, məni mən edən izdir" demək əvəzinə, əlimizdə başqasının şəkli ilə həkim qapısı döyürük ki, "məni buna oxşat".
Ən gülməlisi də odur ki, hamı "fərqli olmaq", "seçilmək" istəyir, amma nəticədə hamı bir-birinin eynisi olur. Fərqlənmək üçün atılan hər addım bizi bir az da standartlaşdırır. İndi təbii bir üz görəndə adam təəccüblənir, sanki muzeydə nadir bir eksponata baxırsan. Təbiilik olub nadir tapıntı, sunilik isə olub gündəlik norma.
Bəzən düşünürəm, görəsən 20-30 ildən sonra uşaqlar köhnə ailə albomlarına baxanda nə deyəcəklər? Yəqin ki, şəkillərə baxıb çaşacaqlar ki, "burada hansı mənim anamdır, hansı xalamdır, hansı da qonşudur?" Çünki hamısının üzündə eyni imza, eyni həkimin əl işi olacaq.
Estetik toxunuş pis şey deyil, insan özünü daha yaxşı hiss etmək üçün nəsə edə bilər. Amma özünü bəyənməklə özünü tamamilə silib yerinə başqasını çəkmək ayrı-ayrı şeylərdir. Biz üzlərimizi dəyişdikcə, sanki ruhumuzun da fərqliliyini itiririk. Çünki insanı gözəl edən simmetrik burun, şişirdilmiş dodaq deyil; onun baxışındakı istilik, gülüşündəki təbiilik və heç kimə bənzəməyən özünəməxsusluğudur.
Yoxsa eyni fabrikdən çıxan kuklalar kimi hamımız bir-birimizə oxşayacağıqsa, bəs onda "mən" harada qaldım?
Aidə Tofiqqızı
1xeber.media