Вернуться назад Распечатать

Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb.

Bu barədə  Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.

Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.