1xeber.media AzPolitika.info-ya istinadla xəbər verir ki, Azərbaycanda minimum 1 saatlıq əməkhaqqının 34-50 manat səviyyəsində müəyyənləşdirilməsi təklif olunur. Bu məbləğin əsasən bir aydan az müddətə və həftədə 20 saatdan çox olmayan iş rejimi ilə çalışan şəxslərə şamil edilməsi nəzərdə tutulur.
Belə bir sistemin tətbiqi əmək bazarında mövsümi, müvəqqəti və ya natamam iş vaxtı ilə çalışan şəxslərin əməyinin daha çevik qiymətləndirilməsinə imkan verə bilər. Bununla belə, bu tarifin bütün peşələrə eyni qaydada tətbiqi və işçilərin sosial təminatının necə qorunacağı müzakirə mövzusudur.
Məsələyə münasibət bildirən iqtisadçı Akif Nəsirli qeyd edib ki, saatlıq əməkhaqqı sisteminə keçid mümkün olsa da, 1 saat üçün 34-50 manat məbləğinin müəyyənləşdirilməsi real görünmür.
Onun sözlərinə görə, bu məbləğ yalnız yüksək ixtisaslı mütəxəssislərin, məsləhətçilərin və xüsusi xidmət sahələrində çalışanların əməyinə uyğun ola bilər:
“Kütləvi əmək bazarı üçün belə tariflərin tətbiqi işəgötürənlərin xərclərini kəskin artırar. Hesab edirəm ki, saatlıq əməkhaqqı vahid məbləğlə deyil, minimum əməkhaqqı, işçinin ixtisası və fəaliyyət sahəsi nəzərə alınmaqla müəyyən edilməlidir. Məsələn, aylıq 400 manat minimum əməkhaqqını 40 saatlıq həftəlik iş rejimi əsasında hesablasaq, saatlıq məbləğ təxminən 2,31 manat edir. Bu, yalnız riyazi müqayisədir, təklif olunan rəsmi tarif deyil”.
İqtisadçı əlavə edib ki, yeni sistemə keçid zamanı əsas məsələ işçinin faktiki işlədiyi saatların düzgün uçota alınması, sosial sığorta hüquqlarının qorunması və gəlirlərinin aşağı düşməsinin qarşısının alınmasıdır.