Вернуться назад Распечатать

Paşinyan: Ermənistan 2029-cu ilədək Aİ ilə vizasız rejimə nail ola bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilədək Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasına nail olmasını real hədəf hesab edir.

1xeber.media xəbər verir ki, Paşinyan bu barədə rəsmi Telegram kanalında yayımlanan videomüraciətində danışıb.

Onun sözlərinə görə, Aİ ilə viza rejiminin liberallaşdırılması məsələsində 2029-cu ilədək nəticə əldə edilməsi getdikcə daha real görünür. Baş nazir bu perspektivi Ermənistanla Avropa İttifaqı arasında siyasi münasibətlərin inkişafı ilə əlaqələndirib.

Paşinyan bildirib ki, bu prosesin həyata keçirilməsi üçün ölkədə bir sıra mühüm islahatların aparılması zəruridir. Xüsusilə biometrik pasportların tətbiqinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Hökumət başçısı yaxın vaxtlarda sərhədlərin idarə olunması sistemində islahatların aparılacağını və paralel olaraq rəqəmsallaşdırma prosesinin həyata keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə dialoq çərçivəsində ölkənin sərhəd təhlükəsizliyi, sənədlərin etibarlılığı və miqrasiya idarəçiliyi sahələrində müəyyən tələblərə cavab verməsi nəzərdə tutulur.

Bununla belə, Paşinyanın açıqladığı 2029-cu il hədəfi vizasız rejimin həmin tarixdə mütləq tətbiq ediləcəyi anlamına gəlmir. Bunun üçün müvafiq islahatların tamamlanması və Avropa İttifaqının qərarı tələb olunur.