Kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq yalnız keyfiyyətli toxum, münbit torpaq və düzgün aqrotexniki qulluqdan asılı deyil. Ən vacib şərtlərdən biri də əkin sahəsinin suvarma imkanlarının əvvəlcədən düzgün qiymətləndirilməsidir.
Bəzən fermerlər ərazinin suvarılma potensialını, mövcud su mənbələrinin imkanlarını, relyef xüsusiyyətlərini və suvarma infrastrukturunun vəziyyətini öyrənmədən əkin qərarı verirlər. Nəticədə vegetasiya dövründə su çatışmazlığı, əlavə maliyyə xərcləri, məhsuldarlığın aşağı düşməsi, hətta məhsul itkisi kimi ciddi problemlərlə üzləşirlər.
Bəs düzgün yanaşma necə olmalıdır?
Fermerlərə tövsiyə edirik ki, əkin işlərinə başlamazdan əvvəl müvafiq yerli su təchizatı idarəsinə müraciət edərək əkin aparmaq istədikləri ərazinin suvarma potensialını dəqiqləşdirsinlər. Ərazinin relyefi, su mənbələrinin mövcudluğu və imkanları, suvarma şəbəkəsinin texniki vəziyyəti, suyun tələb olunan həcmdə və vaxtda çatdırılması imkanları barədə mütəxəssislərlə məsləhətləşsinlər.
Unutmayaq ki, əkin qərarı torpağın münbitliyi ilə yanaşı, su təminatının real imkanlarına da əsaslanmalıdır.
Əvvəlcədən düzgün planlaşdırma – sonradan yaranacaq problemlərin qarşısını almaq, su ehtiyatlarından səmərəli istifadə etmək və fermerin əməyini, sərmayəsini qorumaq deməkdir.
Elcan Hüseynbəyli
Müstəqil Ekspert