1xeber.media xəbər verir ki, ABŞ Ukrayna münaqişəsinin başa çatdırılması ilə bağlı iki mümkün sülh ssenarisini müzakirəyə çıxarıb.
“The Wall Street Journal” nəşrinin danışıqlardan məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner qapalı danışıqlar zamanı Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasın bir hissəsindən imtina etməsi təklifini müzakirə edib.
Birinci ssenari Ukraynanın hazırda nəzarətində olan Donbas ərazilərini Rusiyaya verməsi, əvəzində isə NATO-ya tamhüquqlu üzv qəbul edilməsini nəzərdə tutur.
İkinci variant isə münaqişənin mövcud cəbhə xətti boyunca dondurulmasını və Kiyevə ABŞ, eləcə də mümkün Avropa müttəfiqlərinin iştirakı ilə beynəlxalq müqavilə əsasında təhlükəsizlik təminatlarının verilməsini ehtiva edir.
Məlumata görə, bu təkliflər son aylarda Cared Kuşner və ABŞ nümayəndəsi Stiv Uitkoffun Avropa rəsmiləri ilə görüşlərində də müzakirə olunub. Kuşnerin ötən həftə Dublində Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə görüşündə də məsələ gündəmə gətirilib.
Bundan əlavə, eyni mövzunun Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, Avropa və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə müzakirə edildiyi bildirilir.
Qeyd edək ki, bu təkliflər hələlik müzakirə olunan ssenarilərdir və yekun razılaşma əldə edildiyi anlamına gəlmir.