1992-ci il 21 noyabr tarixi Azərbaycan siyasi tarixində dönüş nöqtəsi kimi
qiymətləndirilir. Həmin gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi
müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlətçilik sisteminin möhkəmləndirilməsi,
ictimai-siyasi sabitliyin bərpası və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən
edilməsində mühüm mərhələ olmuşdur.
XX əsrin sonları Azərbaycanın tarixində həm çətinliklərlə, həm də xalqın iradəsinin
sınağa çəkildiyi bir dövr kimi yadda qalmışdır. 1991-ci ildə müstəqilliyini elan edən respublika
daxili siyasi böhran, iqtisadi tənəzzül, idarəetmədə xaos və eyni zamanda Ermənistanın
ölkəmizə qarşı apardığı hərbi təcavüzlə üz-üzə qalmışdı. Belə kritik şəraitdə xalqın gələcəyinə
məsuliyyətlə yanaşan nüfuzlu ziyalılar, elm xadimləri, ictimai-siyasi şəxslər ölkəni bu
vəziyyətdən çıxarmaq üçün yeni bir siyasi qüvvənin formalaşdırılmasının zəruriliyini önə
çəkirdilər.
Məhz belə ağır və məsuliyyətli bir tarixi mərhələdə 91 nəfər tanınmış ziyalı tərəfindən
Heydər Əliyevə müraciət ünvanlanmışdı. Onlar ölkənin nicatı və sabitliyə doğru aparan
düzgün siyasi xəttin yalnız Heydər Əliyevin liderliyi altında mümkün ola biləcəyini bildirirdilər.
Bu müraciət cəmiyyətin siyasi düşüncəsində yeni bir mərhələnin əsasını qoydu və qısa
müddət sonra Yeni Azərbaycan Partiyasının yaranması üçün təşkilati işlərə başlanıldı.
1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis
konfransı keçirildi. Konfransda ölkənin müxtəlif bölgələrindən gəlmiş nümayəndələr, ictimai
xadimlər, ziyalılar və siyasi fəallar iştirak edirdilər. Təhlükəsizliyin təmin edilməsi imkanlarının
məhdud olduğu bir dövrdə konfransın məhz Naxçıvanda keçirilməsi Heydər Əliyevin siyasi
iradəsini, xalq qarşısındakı məsuliyyətini və qətiyyətini nümayiş etdirirdi.
Təsis konfransı partiyanın strukturunun müəyyən edilməsi, proqram və nizamnaməsinin
qəbulu, həmçinin partiyanın rəhbərliyinin seçilməsi ilə yadda qaldı. Konfransın yekdil qərarı ilə
Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bu gün də YAP-ın yaranma tarixi
yalnız bir siyasi təşkilatın formalaşması deyil, həm də dövlətçilik ideyalarının
möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir.
Partiyanın yaranması ölkədə siyasi sabitliyin bərpası, dövlətçilik ənənələrinin
formalaşdırılması və müstəqilliyin qorunması istiqamətində mühüm töhfə verdi. 1993-cü ildə
Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı, Azərbaycanın inkişaf strategiyasının
müəyyən edilməsi, iqtisadi və siyasi islahatların həyata keçirilməsi məhz YAP-ın ideoloji xətti
və təşkilatlanmış siyasi qüvvə kimi gücündən qaynaqlanırdı.
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi təşkilatı olaraq dövlətçilik
fəlsəfəsinə, milli maraqlara və təkmil idarəçilik modelinə əsaslanan xəttini uğurla davam etdirir.
YAP-ın 1992-ci il 21 noyabr tarixində keçirilmiş təsis konfransı isə müasir Azərbaycanın siyasi
inkişaf yolunda başlanğıc nöqtələrindən biri kimi tarixdə öz layiqli yerini tutmuşdur.
Elçin Nəsibov,
Sabirabad rayonu "Kür-Araz" qəzetinin baş redaktoru