Вернуться назад Распечатать

“Rüfət Əzizov əvvəlcə öz universitetindəki problemləri həll etsin” –DİM-ə kim gələcək?

 Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunması təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan sabiq deputat, professor Etibar Əliyev bildirib ki, 30 ildən artıq müddətdə şəffaf sistem quran Məleykə Abbaszadədən sonra DİM-ə gələcək şəxs bu etimadı qoruyub saxlamalıdır:
“DİM cəmiyyətin etimadını qazanmış şəffaf qurumdur. Kimin rəhbər təyin olunmasından asılı olmayaraq, bu obyektivlik qorunmalıdır. Əks halda etimad azalsa, ciddi problemlər yarana bilər”.
Etibar Əliyev DİM sədrliyinə bir neçə rektorun, xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun adının hallandığını deyərək ona irad bildirib:
“Qərar vermək cənab Prezidentin səlahiyyətindədir. Amma mənim şəxsi qənaətim belədir ki, Rüfət Əzizov əvvəlcə rəhbərlik etdiyi Neft və Sənaye Universitetindəki idarəçilik problemlərini həll etməli, orada dönüş yaratmalıdır”.
Professor Məleykə Abbaszadənin BDU-ya rektor təyin olunmasını müsbət qarşılasa da, universitetin hazırkı durumunu tənqid edib:
“Son illərdə BDU-ya rəhbərlik edənlərin şəxsi ambisiyaları universitetin dəyərlərindən üstün tutulub. Ona görə də Məleykə Abbaszadənin qısa müddətdə əsaslı inkişaf əldə etməsi asan olmayacaq. Amma o, təcrübəli alimdir və universiteti hazırkı böhrandan çıxara bilər”.
Etibar Əliyev sonda Elm və Təhsil Nazirliyinin universitetlərin büdcəsindən milyonlarla manatı Təhsilin İnkişafı Fonduna köçürməsini tənqid edərək bildirib ki, həmin vəsait universitetlərin öz elmi layihələrinə və müəllimlərin maaşlarına yönəldilməlidir.