Вернуться назад Распечатать

Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyur

 

Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər
şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri
səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə
Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi.
1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü,
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə
heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin
müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə
olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik
əməkdaşlığın istiqamətini müəyyənləşdirdi”.
Bu fikirlər Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində yer alıb.
Ümumən, müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin humanitar aspektlərini
vurğulayan bir çox məqamlar var ki, yazımızda onlardan söz açacağıq. Nəzərə alaq ki,
dövlətimizin başçısının Vyetnama səfəri xüsusunda bu məqamlar olduqca vacib və maraqlıdır.
Göründüyü kimi, Prezident İlham Əliyev diqqətə çatdırdığımız iqtibasda ikitərəfli
münasibətlərin tarixindən söz açıb. Tarixi keçmiş isə gələcək üçün bir növ bazadır. O baza ki,
müstəqillik illərində zənginləşdirildi. Buna görə də dövlətimizin başçısı Vyetnama 2014-cü
ildəki səfərini və keçirdiyi görüşləri, o cümlədən Vyetnam Sosialist Respublikasının Prezidenti
cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini məmnuniyyətlə yada salıb.
Əlbəttə, sürətlə dəyişən dünyamızda münasibətlərin dinamizmini qorumaq üçün əməkdaşlıq
son dərəcə vacibdir. Əməkdaşlıq, eyni zamanda, ənənələrin davamı baxımından zəruridir.
Görünür, buna görədir ki, Prezdent İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi
Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfərini də xatırlayıb.
Ümumən, Azərbaycan-Vyetnam münasibətlərinin həqiqi strateji anlam daşıması humanitar
əməkdaşlığa da müsbət təsirini göstərib. O əməkdaşlıq ki, xalqlarımızı və dövlətlərimizi
birləşdirən möhkəm körpü rolunu oynamaqdadır və bunu Prezident İlham Əliyev də
vurğulayıb. Əlbəttə ki, Heydər Əliyev Fondunun mövcud istiqamətə müstəsna töhfəsini diqqətə
çatdırmaqla.
“Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni
mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə
xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə
kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də
daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının
dəstəklənməsinə qədər geniş spektri əhatə edir”, – deyən dövlətimizin başçısı Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərinin əlaqələrin
möhkəmləndirilməsində mühüm addım olduğunu bildirib. Məlum olduğu kimi, səfər zamanı
xanım Əliyeva çoxsaylı səmərəli görüşlər keçirmiş, yardımlar etmişdi.
Prezident İlham Əliyev müsahibəsində xeyriyyəçiliklə yanaşı, Vyetnamla humanitar
əməkdaşlığın mühüm qolunu təşkil edən elm və təhsil sahəsindəki əməkdaşlığın da üzərində
dayanıb, hər iki ölkənin aparıcı universitetlərinin bir sıra tərəfdaşlıq müqavilələri və
memorandumlar imzaladıqlarını xatırladıb.
Dövlətimizin başçısı, həmçinin, Vyetnam nümayəndələrinin Qoşulmama Hərəkatına üzv
dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak imkanı
qazandıqlarını deyərək, diqqəti akademik əlaqələrin tarixiliyinə yönəldib, sovet dövrünə
ekskurs edərək, təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil almasından, bilik
və təcrübələrini vətənlərinin rifahı naminə uğurla tətbiq etmələrindən söz açıb.
Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Vyetnam humanitar əməkdaşlığı ilə bağlı
vurğuladığı bütün məqamlar müstəsna səciyyə daşımaqdadır. Bu məqamlar göstərir ki, iki
ölkə arasındakı dostluq münasibətləri yüksələn xətt üzrə inkişafdadır. Ən başlıcası isə inkişaf
üçün möhkəm təməl var. O təməl ki, mənbəyini səmimiyyətdən götürməkdədir. Səmimiyyət isə
həm də mədəni yaxınlıq tellərindən və uyumdan qaynaqlanır. Ona görə də dövlətimizin
başçısı qarşılıqlı mədəni fəaliyyətin təhsil əlaqələrini ahəngdar şəkildə tamamladığını dilə
gətirir, müxtəlif misallar çəkir.

Sonda qeyd edək ki, vurğuladığımız cəhətlər Prezident İlham Əliyevin özünün Vyetnam
səfərinin bu ölkə ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində
daha bir mühüm addım olacağına əminlik yaradır. Onu da nəzərə alaq ki, dövlətimizin
başçısının nəinki hər fikri, hətta hər sözü belə dərin fiksasiya təbiətinə malik fundamental
yanaşma məhsulu olmaqla yanaşı, həm də rasional və proqmatik səciyyə daşıyır.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı