Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar
yaranır. Enerji sektorunda uzun illərə söykənən tərəfdaşlıq, qarşılıqlı ticarətin artması,
Vyetnam şirkətlərinin ölkəmizə investisiya marağı və tranzit daşımalarının həcminin
yüksəlməsi ikitərəfli münasibətlərin iqtisadi məzmununu zənginləşdirir. Prezident İlham
Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirdiyi fikirlər də bu
əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini aydın göstərir.
İkitərəfli münasibətlərin inkişafında 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası
Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi mərhələ hesab
olunur. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə
Bəyanat qəbul edilib. Bu sənəd iqtisadi, energetika, investisiya və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi üçün siyasi zəmin yaradıb.
Ticarət əlaqələrindəki göstəricilər də tərəfdaşlığın iqtisadi əhəmiyyətini nümayiş etdirir. 2025-ci
ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153,41 milyon ABŞ dolları təşkil edib.
Prezident İlham Əliyev müsahibəsində bu göstəricinin real iqtisadi imkanları tam əks
etdirmədiyini də vurğulayıb. Əslində, qarşılıqlı ticarətin genişləndirilməsi üçün kifayət qədər
geniş əməkdaşlıq istiqamətləri mövcuddur. Hazırda tərəflər qeyri-neft məhsullarının ticarətinin
artırılması, ixrac imkanlarının şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqini prioritet
hesab edirlər.
Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin ənənəvi və mühüm istiqamətlərindən biri
energetika, xüsusilə neft sənayesi ilə bağlıdır. 1981-ci ildə Sovet İttifaqı ilə Vyetnamın birgə
müəssisəsi olan “Vietsovpetro”nun yaradılmasında azərbaycanlı neft mütəxəssislərinin böyük
rolu olub. Müəssisənin ilk baş direktoru həmyerlimiz Cəlal Məmmədov təyin edilib.
Azərbaycanlı neftçilərin Vyetnamın neft sənayesinin formalaşmasındakı xidmətləri ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın möhkəm tarixi təməlini yaradıb. Müxtəlif dövrlərdə 2 minədək
azərbaycanlı neftçinin bu prosesə cəlb olunması, yerli mütəxəssislərin hazırlanmasına
göstərilən dəstək və təcrübə mübadiləsi həmin tərəfdaşlığın miqyasını göstərir. Bu tarixi
əməkdaşlıq hazırda yeni məzmun qazanır. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti
(PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi enerji tərəfdaşlığının əsas
istiqamətlərindən biridir.
Əməkdaşlığın real iqtisadi nəticələri də var. Belə ki, 2023-cü ildən indiyədək Vyetnama 1,1
milyon tondan çox Azərbaycan nefti tədarük edilib. Tərəflər gələcəkdə Azərbaycan xam
neftinin Vyetnam neft emalı zavodlarına tədarükünün davam etdirilməsi, neft-qaz yataqlarının
işlənilməsi, neft emalı, neft-kimya və neft-mədən xidmətləri sahələrində əməkdaşlığın
genişləndirilməsi imkanlarını da nəzərdən keçirirlər. Vyetnama mayeləşdirilmiş təbii qazın
tədarükü məsələsi də müzakirə olunan istiqamətlər arasındadır.
Azərbaycan-Vyetnam iqtisadi münasibətlərində diqqətçəkən istiqamətlərdən biri də nəqliyyat
və tranzit daşımalarıdır. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu və
beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası Vyetnam yüklərinin Avropa bazarlarına
çatdırılmasında ölkəmizin rolunu artıra bilər.
Bu sahədə artıq müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında
Vyetnamla bağlı tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən
altı dəfə artaraq 8,3 min tona çatıb. Bu artım iki ölkə arasında nəqliyyat əlaqələrinin
genişləndirilməsi baxımından mühüm göstəricidir.
Azərbaycanın Orta Dəhliz və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindəki mövqeyi
Vyetnam üçün əlavə logistika imkanları yaradır. Bu marşrutlardan səmərəli istifadə etməklə
Cənub-Şərqi Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların təşkili mümkündür. Eyni
zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsi yük axınlarının artmasına, logistika
xidmətlərinin inkişafına və ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyinin
möhkəmlənməsinə töhfə verə bilər.
Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlığın perspektivləri enerji və nəqliyyat
sektorları ilə məhdudlaşmır. Sənaye, kənd təsərrüfatı, qida məhsullarının istehsalı və emalı,
tikinti, xidmətlər və texnologiya sahələrində də birgə layihələrin həyata keçirilməsi üçün
imkanlar mövcuddur.
Vyetnamın istehsal və ixrac yönümlü iqtisadi təcrübəsi ilə Azərbaycanın əlverişli coğrafi
mövqeyi, enerji resursları və logistika infrastrukturu bir-birini tamamlayan üstünlüklərdir. Bu
amillər qarşılıqlı ticarətin artırılması ilə yanaşı, birgə istehsal müəssisələrinin yaradılması,
investisiya layihələrinin reallaşdırılması və yeni bazarlara çıxış üçün də əlverişli şərait
formalaşdıra bilər.
Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, Azərbaycan Cənubi Qafqazda
mühüm logistika və energetika habı, Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən
iqtisadiyyatlarından biridir. Bu iki ölkənin imkanlarının birləşdirilməsi yeni bazarlara çıxış, birgə
layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından
əhəmiyyətlidir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətlərində uzun illər ərzində
formalaşmış dostluq və əməkdaşlıq ənənələri indi daha geniş iqtisadi məzmun qazanır.
Qarşıdakı mərhələdə əsas vəzifə mövcud siyasi etimadı konkret investisiya layihələrinə,
istehsal təşəbbüslərinə, artan ticarət dövriyyəsinə və dayanıqlı logistika əlaqələrinə
çevirməkdir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət iki ölkənin iqtisadi tərəfdaşlığını
daha yüksək səviyyəyə yüksəldə bilər.
Bəxtiyar Məmiyev,
Sabirabad rayon Bitki mühafizə idarəsinin rəisi