
Hüquq müdafiəçisi Fikrət Cəfərli Xalq artisti Könül Xasıyevanın klubda muğam ifa etməsi ətrafında yaranan müzakirələrə və deputat Elnarə Akimovanın açıqlamasına münasibət bildirib.
1xeber.media xəbər verir ki, Fikrət Cəfərli sosial şəbəkə hesabında paylaşımında Könül Xasıyevanın ifasını müdafiə edərək sənətin məkanla məhdudlaşdırılmasının doğru olmadığını vurğulayıb. O bildirib ki, sənətkarın harada çıxış etməsindən asılı olmayaraq, onun əsas missiyası sənətini təqdim etmək və tamaşaçılara çatdırmaqdır.Fikrət Cəfərli deputat Elnarə Akimovanın məsələni məkan və ictimai məsuliyyət kontekstində müzakirəyə çıxarmasını tənqid edib. Onun fikrincə, muğamın müəyyən səhnələrlə məhdudlaşdırılması əvəzinə, onun daha geniş auditoriyaya çatdırılması vacibdir.
F.Cəfərli, həmçinin başda Alim Qasımov olmaqla, Azərbaycanın tanınmış sənətkarlarını gənclərin toplaşdığı klublarda və digər məkanlarda çıxış etməyə çağırıb. O hesab edir ki, bu cür təşəbbüslər gənclərin milli musiqiyə marağının artmasına və milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə töhfə verə bilər.
Hüquq müdafiəçisi Könül Xasıyevanın fəaliyyətini yüksək qiymətləndirərək onun qınanılmaq əvəzinə, sənətinə və milli musiqinin təbliğinə görə dəstəklənməli olduğunu qeyd edib