Вернуться назад Распечатать

Azərbaycan dünya dövlətlərinin səmimi ehtiramı ilə əhatələnmiş bir dövlətdir

 

Hadisələr zaman keçdikcə tarixi məzmun və siyasi əhəmiyyət qazanır. Dövlətlərarası
münasibətlər çərçivəsində keçirilən rəsmi görüşlər, eləcə də nüfuzlu beynəlxalq informasiya
agentliklərinə verilən müsahibələr diplomatik salnamənin mühüm hadisələri kimi yadda qalır
və gələcək siyasi proseslərə istiqamət verən tarixi məqamlarla səciyyələnir. Azərbaycanla
Vyetnam arasında münasibətlər hələ sabiq SSRİ dönəmindən başlayıb. Bu münasibətlər
siyasi baxımdan Azərbaycanla deyil, Azərbaycan vasitəsilə SSRİ arasında münasibətlər idi.
İkitərəfli münasibətlər Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra yarandı və
inkişaf etdirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər
Agentliyinə verdiyi müsahibə həm Azərbaycanla Vyetnam arasında münasibətlərin tarixinin
xatırladılması baxımından, həm də ikitərəfli münasibətlərin şəbəkəsinin coğrafiyası, əlaqələrin
istiqamətləri, perspektivləri haqqında ətraflı bilgi kimi qəbul edildi.
Dövlət başçımız müsahibədə bu iki dövlət arasında əlaqələrin 1959-cu ildən, Vyetnam
Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə başladığını, 1983-cü ildə
Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər
Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfər etdiyini, böyük tarixi şəxiyyət
Heydər Əliyevin təşəbbüsü ilə bu səfərin müddətinin səkkiz gün uzadıldığını, rəsmi səfərin
ölkənin əsas regionlarını əhatələdiyini, Azərbaycan Respublikasının Prezidentinin 2014-cü
ildə  Vyetnama ilk dövlət səfərini, 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının
Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini xatırladaraq dedi: “Keçən ilin
mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın
Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan
konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər
istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin -
Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul
edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki
məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq
idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır.
Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam
Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli dialoq
ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər
beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı
ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə
alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir”.
Müsahibədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və
Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirildiyini, 2025-ci ildə imzalanmış
Anlaşma Memorandumunun neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və
mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutduğunu, 2026-cı ilin sentyabrında
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group”
ilə müvafiq sənədlər imzalandığını, tranzit daşımaları sahəsində də müsbət dinamika
müşahidə olunduğunu, humanitar əməkdaşlığın xalqlarımızı və dövlətlərimizi birləşdirən
möhkəm körpü rolunu oynadığını, ... müvafiq əlaqələrin təhsil təşəbbüsləri, xeyriyyə layihələri
və müntəzəm mədəni mübadilələr vasitəsilə davamlı olaraq möhkəmləndirildiyini, bu
istiqamətdə xüsusi rolu olan Heydər Əliyev Fondunun Ha Siag əyalətində ibtidai məktəb
tikdiyini və təhsil proqramlarını dəstəklədiyini bildirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev dedi ki, “Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq
müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına
üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant
proqramlarında iştirak etmək imkanına malikdirlər. Sevindirici haldır ki, bu akademik əlaqələr
zəngin tarixi ənənələrə əsaslanır: hətta sovet dövründə belə, təxminən 5 min Vyetnam
vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin
rifahı naminə uğurla tətbiq edib. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub.
Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib”.
Dövlət başçımızın müsahibəsi iki dövlət arasında əlaqələrin geniş şəbəkəsi haqqında ətraflı və
gərəkli məlumatlar oldu. Müsahibə xatırlatdı ki, 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-
Vyatnam sənədli filmi üçün “Vyetnam süitası” yazıb, rejissor Əjdər İbrahimov 1959-cu ildən
1962-ci ilə qədər Vyetnamda yaşayıb, işləyib, milli kino məktəbinin ön sıralarında olub, yerli
rejissorların və aktyorların formalaşmasına kömək göstərib, Vyetnama bir neçə kitab həsr
edib, “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı bu il
Hanoyda keçirilib...
Azərbaycan dünya dövlətlərinin səmimi ehtiramı ilə əhatələnmiş bir dövlətdir. İkitərəfli əlaqələr
həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə uğurla davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə
verdiyi müsahibə təsdiqlədi ki, bu əlaqələr inama söykənir, etimada söykənir, dayanıqlıdır.
Vyetnam bu əlaqələri Azərbaycan kimi tərəfdaşla daha da genişləndirəcəkdir.
Hüseyn Ağayev,
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi