Вернуться назад Распечатать

Tarixi köklərə söykənən dostluqdan genişmiqyaslı strateji əməkdaşlığa

 

Prezident cənab İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi
müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, müasir inkişaf dinamikasını,
strateji tərəfdaşlığın prioritetlərini və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm
siyasi-diplomatik mesajlarla zəngindir. Müsahibə Azərbaycanın xarici siyasətində tarixi
dostluqlara sədaqət, qarşılıqlı hörmət, milli maraqların uzlaşdırılması və iqtisadi diplomatiyanın
gücləndirilməsi prinsiplərinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər ötən əsrin ortalarından formalaşmağa
başlayan, zamanın sınaqlarından keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn
xüsusi bir əməkdaşlıq modelidir. Bu əlaqələrin təməlində xalqlarımızın qarşılıqlı rəğbəti, siyasi
iradə, etibarlı tərəfdaşlıq və beynəlxalq münasibətlərdə ortaq yanaşmalar dayanır. Cənab
Prezidentin müsahibəsində bu tarixi irsə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Dövlət başçısı
iki ölkə arasında dostluğun əsasını qoymuş liderlərin tarixi rolunu xatırladaraq, bugünkü
əməkdaşlığın möhkəm siyasi və mənəvi dayaqlara söykəndiyini vurğulayır.
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri
Azərbaycan-Vyetnam münasibətlərinin tarixində mühüm hadisə olmaqla, iki xalq arasında
dostluq bağlarının formalaşmasına əhəmiyyətli töhfə verib. Bu münasibətlərin inkişafında
Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və onun təşəbbüsü ilə səfər
proqramının genişləndirilməsi xüsusi yer tutur. Həmin səfər çərçivəsində əldə olunan
razılaşmalar Vyetnamın iqtisadi inkişafına dəstək verməklə yanaşı, uzunmüddətli
əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib. Bu tarixi faktlar Azərbaycanın beynəlxalq
münasibətlər sistemində hələ sovet dövründən etibarən fəal rol oynadığını, diplomatik
təşəbbüslərinin və iqtisadi potensialının regional çərçivələrlə məhdudlaşmadığını göstərir.
Müasir mərhələdə Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı Prezident İlham Əliyevin
həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasətin mühüm istiqamətlərindən biridir. 2014-
cü ildə dövlət başçısının Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin
Azərbaycana səfəri ikitərəfli əlaqələrin siyasi əsaslarını daha da möhkəmləndirib. 2025-ci ilin
mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın
Azərbaycana dövlət səfəri isə münasibətlərin yeni mərhələyə keçidini təmin edən mühüm
siyasi hadisə olub. Səfər zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki
ölkənin əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldərək, qarşılıqlı münasibətlərə daha
geniş siyasi, iqtisadi və institusional məzmun qazandırıb. Strateji tərəfdaşlıq statusu yalnız
siyasi münasibətlərin yüksək səviyyəsini ifadə etmir, həm də konkret əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, yeni bazarlara çıxış və
uzunmüddətli layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır. Energetika, investisiya,
müdafiə, kibertəhlükəsizlik, sənaye və digər sahələri əhatə edən danışıqlar iki ölkənin
əməkdaşlığa kompleks yanaşdığını göstərir. Dövlət başçılarının siyasi iradəsi ilə yanaşı,
hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, müvafiq dövlət qurumları və
hakim partiyalar arasında əlaqələrin inkişafı tərəfdaşlığın institusional əsaslarını
möhkəmləndirir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında
əməkdaşlığın inkişafı da bu münasibətlərin siyasi və ideoloji dialoq müstəvisində əhəmiyyətli
istiqamətlərindən biridir. Siyasi partiyalar arasında qarşılıqlı təcrübə mübadiləsi, siyasi
məsləhətləşmələr və əlaqələrin genişləndirilməsi dövlətlərarası münasibətlərin davamlılığına,
qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Azərbaycan və
Vyetnamın BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda əməkdaşlığı onların qlobal məsələlərə
dair dialoqunun mühüm tərkib hissəsidir. Cənab Prezidentin müsahibəsində iqtisadi-ticari
əlaqələrin inkişaf perspektivlərinə xüsusi yer ayrılması Azərbaycanın xarici siyasətində iqtisadi
diplomatiyanın artan rolunu aydın nümayiş etdirir. 2025-ci ilin yekunlarına görə, iki ölkə
arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarından artıq olması müsbət dinamikanın
göstəricisidir. Bununla belə, dövlət başçısının vurğuladığı kimi, mövcud göstəricilər
tərəfdaşlığın real potensialını tam əks etdirmir. Azərbaycan və Vyetnamın iqtisadi imkanları,
sənaye təcrübəsi, istehsal və ixrac potensialı qarşılıqlı ticarətin daha geniş miqyasda inkişaf
etdirilməsi üçün əlverişli zəmin yaradır.

Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının tarixi və strateji əhəmiyyət daşıyan
istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları, neft-qaz sektorunda
formalaşmış təcrübəsi və beynəlxalq enerji bazarlarında mövqeyi Vyetnamla əməkdaşlığın
genişləndirilməsi üçün mühüm imkanlar yaradır. SOCAR ilə PetroVietnam arasında əlaqələrin
dərinləşdirilməsi, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun nəzərdə tutduğu
yataqların kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlər
qarşılıqlı faydalı əməkdaşlığın konkret məzmununu formalaşdırır. Bu əməkdaşlıq
Azərbaycanın enerji diplomatiyasının coğrafiyasının genişləndirilməsi, milli şirkətlərin
beynəlxalq fəaliyyətinin gücləndirilməsi və yeni bazarlarda mövqelərinin möhkəmləndirilməsi
baxımından da əhəmiyyətlidir.
Azərbaycanın investisiya mühiti, iqtisadi islahatları və qeyri-neft sektorunun inkişafı Vyetnam
biznes dairələri üçün yeni imkanlar açır. Vyetnam şirkətlərinin ölkəmizdə tikinti, infrastruktur,
bərpa olunan enerji və digər sahələrdə layihələrin həyata keçirilməsinə maraq göstərməsi
iqtisadi münasibətlərin şaxələndirilməsi baxımından müsbət tendensiyadır. “ROX Group” ilə
2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu
çərçivəsində imzalanmış sənədlər bu marağın praktiki əməkdaşlığa çevrilməsinin
nümunəsidir. Belə təşəbbüslər Azərbaycanın investisiya cəlbediciliyini artırmaqla yanaşı,
ölkəmizin regional iqtisadi və biznes mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə
verir.
Azərbaycanın geostrateji mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq logistika
imkanları Vyetnamla əməkdaşlığın yeni istiqamətlərindən biri kimi tranzit daşımalarını ön
plana çıxarır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin ötən ilin
eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədə
müsbət dinamikanı nümayiş etdirir. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi
Azərbaycanın beynəlxalq logistika sistemində rolunu gücləndirən mühüm layihələrdir.
Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların Azərbaycan üzərindən həyata
keçirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, Azərbaycanın
tranzit potensialının daha səmərəli istifadəsinə, regional bağlantıların gücləndirilməsinə və
yeni iqtisadi dəyərin yaradılmasına imkan verə bilər.
Müsahibədə humanitar əməkdaşlığın xüsusi vurğulanması Azərbaycan-Vyetnam
münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, xalqlar arasında
mənəvi yaxınlığın və qarşılıqlı rəğbətin də mühüm rol oynadığını göstərir. Heydər Əliyev
Fondunun Vyetnamda həyata keçirdiyi humanitar, sosial və təhsil təşəbbüsləri Azərbaycanın
beynəlxalq humanitar siyasətinin əhəmiyyətli istiqamətlərindən biridir. Ha Giang əyalətində
ibtidai məktəbin tikintisi, təhsil layihələrinin dəstəklənməsi, Hanoy Ticarət və Turizm Kollecinə
göstərilən maliyyə yardımı bu fəaliyyətin konkret nümunələridir. Fondun vitse-prezidenti Leyla
Əliyevanın 2025-ci ildə Vyetnama səfəri və keçirdiyi görüşlər humanitar əlaqələrin daha da
möhkəmlənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edib. Təhsil
sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm strateji
resursdur. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil
alması, əldə etdikləri bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəltməsi
xalqlarımız arasında formalaşmış tarixi əlaqələrin mühüm göstəricisidir. Bu ənənənin müasir
dövrdə universitetlərarası əməkdaşlıq, akademik mübadilə, birgə proqramlar və təhsil qrantları
vasitəsilə davam etdirilməsi yeni nəsillər arasında əlaqələrin möhkəmlənməsinə imkan
yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının
açılması isə iki ölkənin tarixində mühüm iz qoymuş şəxsiyyətə ehtiramın və dostluğun simvolik
ifadəsidir. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələr də Azərbaycan-Vyetnam dostluğunun
zəngin məzmununu ortaya qoyur. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə
festivalın Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, vyetnamlı şair Mai Van Phanın “Gün
doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri mədəni dialoqun genişləndirilməsinə
xidmət edən əhəmiyyətli təşəbbüslərdir. Bu əlaqələrin tarixi kökləri isə daha qədim və
zəngindir. Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası”nı yaratması, Əjdər İbrahimovun
1959–1962-ci illərdə Vyetnamda fəaliyyət göstərərək milli kino sənətinin inkişafına töhfə
verməsi Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidəki izlərini və xalqlarımız arasında
yaradıcı əməkdaşlığın ənənələrini nümayiş etdirir. Xalqlar arasında dostluq münasibətləri
yalnız xoş günlərdə deyil, çətin və sınaqlı dövrlərdə göstərilən qarşılıqlı dəstəklə də

möhkəmlənir. Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı
daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi
ölkəmizin humanist dəyərlərə, beynəlxalq həmrəyliyə və dost dövlətlərlə münasibətlərdə
qarşılıqlı dəstək prinsipinə sadiqliyinin təzahürüdür. Bu cür addımlar diplomatik münasibətlərin
mənəvi əsaslarını daha da gücləndirir və xalqlar arasında etimadı möhkəmləndirir. Prezident
cənab İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın
beynəlxalq münasibətlər sistemində artan rolunun və regional imkanlarının Vyetnamla
əməkdaşlıq kontekstində təqdim edilməsidir. Cənubi Qafqazda əsas logistika və energetika
mərkəzlərindən biri kimi Azərbaycanın mövqeyi, Vyetnamın isə Cənub-Şərqi Asiyada dinamik
iqtisadi inkişafı və geniş istehsal potensialı iki ölkə arasında qarşılıqlı tamamlayıcı əməkdaşlıq
imkanları yaradır. Bu imkanların düzgün qiymətləndirilməsi, biznes əlaqələrinin
genişləndirilməsi, investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi tərəfdaşlığın
gələcək inkişafında mühüm rol oynayacaq. Müsahibə Azərbaycanın xarici siyasət
strategiyasının mühüm xüsusiyyətlərini – tarixi dostluqlara sədaqəti, suverenliyə və
müstəqilliyə hörməti, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri, iqtisadi
diplomatiyanın gücləndirilməsini və beynəlxalq platformalarda fəal iştirakı bir daha ortaya
qoyur. Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı göstərir ki, dövlətlər arasında etibarlı
tərəfdaşlıq yalnız siyasi iradə ilə deyil, həm də ardıcıl diplomatik fəaliyyət, iqtisadi maraqların
uzlaşdırılması, humanitar əlaqələrin genişləndirilməsi və qarşılıqlı etimadın qorunması ilə
möhkəmlənir. Prezident cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi, eyni
zamanda, qarşıdakı səfərin siyasi və diplomatik əhəmiyyətini, ikitərəfli münasibətlərin yeni
mərhələdə daha geniş məzmun qazanacağına dair gözləntiləri ifadə edir. Bu səfər tarixi
dostluq ənənələrinin müasir strateji tərəfdaşlıq gündəliyi ilə uzlaşdırılması, yeni iqtisadi
imkanların müəyyənləşdirilməsi və konkret əməkdaşlıq layihələrinin təşviqi baxımından
mühüm addım olacaq. Azərbaycan və Vyetnam arasında münasibətlərin mövcud inkişaf
dinamikası, siyasi dialoqun yüksək səviyyəsi və geniş əməkdaşlıq potensialı gələcəkdə daha
böyük nəticələrin əldə olunacağına əsas verir. Tarixi dostluq, qarşılıqlı hörmət və strateji
tərəfdaşlıq prinsiplərinə söykənən bu əlaqələr hər iki ölkənin milli maraqlarına, iqtisadi
inkişafına və xalqlarının rifahına xidmət etməklə yanaşı, beynəlxalq münasibətlərdə etibarlı və
konstruktiv əməkdaşlığın nümunəsi kimi də əhəmiyyət daşıyır.
Leyla Qəhrəmanova,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi