Вернуться назад Распечатать

Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev vəzifəsindən azad ediləndən dərhal sonra başlayan kampaniya qəribə təəssürat yaradır.

1. Məlumat yayıldı ki, 11 mart 2019-cu ildə E.Babayev BDU rektoru təyin edilərkən keçirilən Elmi Şuranın ilk iclasında PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin arvadı Qalina Yuriyevna Mehdiyeva deyib: “Axır ki, biz deyən oldu”.

Bu söz dolayısı ilə həmin vaxt BDU-ya Ramiz Mehdiyevin adamının təyin olunması anlamına gəlir. Başqa sözlə, Elçin Babayev hazırda dövlətə xəyanətdə ittiham edilərək ev həbsinə məhkum edilən Ramiz Mehdiyevin əsas kadrı olaraq tanıdılır.

Elçin Babayevin doğrudan da Ramiz Mehdiyevin kadrı olduğunu iddia etmək üçün daha ciddi və təsdiqlənmiş sübutlara ehtiyac var. Çünki Ramiz Mehdiyevin kadrı E.Babayevdən əvvəl BDU-ya 19 il rektorluq edən Abel Məhərrəmovdur.

Abel Məhərrəmov həm də Ramiz Mehdiyevin “şəxsi çevrəsi”nə aid şəxs olduğunu 18 avqust 2020-ci ildə, Novxanıda, pandemiyanın ən kəskin vaxtı, ictimai tədbirlərin qadağan olunduğu zaman akademikin nəvəsinin toyuna dəvət olunması və orada dediyi məşhur sağlıqla sübut etmişdi.

Doğrudur, Ramiz Mehdiyevə dövlətə xəyanət ittihamı ilə cinayət işi açıldıqdan sonra Abel Məhərrəmov onunla “heç bir şəxsi münasibətinin olmadığını” iddia etmiş, yalnız işi ilə bağlı “həftədə 3 dəfə PA-da olduğunu” bildirmişdi. Ancaq “heç bir şəxsi münasibəti olmayan” adamın nəvəsinin çox az qonağın dəvət edildiyi toyunda “ən yaxın çevrəsi” kimi necə iştirak etdiyini də, bir rektorun həftədə 3 dəfə PA-ya niyə getməli olduğunu da Abel Məhərrəmov izah etməyib və yəqin ki, edə də bilməz.

Abel Məhərrəmovun Ramiz Mehdiyevin kadrı olduğu təsdiqləndiyi üçün Qalina Yuriyevnanın “axır ki, biz deyən oldu” sözünün məntiqi anlaşılmır: məgər 1999-cu ildən, Abel Məhərrəmov BDU-ya rektor təyin ediləndən “Qalina Yuriyevna deyən” olmamışdı?

2. Məlumat yayıldı ki, 2019-cu ilin sentyabrında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə rektor Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfər edib. Elçin Babayev Vyanada olarkən Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyaya “plandankənar” səfər edib, həmin vaxt Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, hazırda isə həbsdə olan Eldar Həsənovla qapalı görüş keçirib.

Burda da Elçin Babayevin Ramiz Mehdiyevin kadrı olması təəssüratını yaratmaq cəhdi uğursuzluğa düçar olub: Eldar Həsənov məgər Ramiz Mehdiyevin kadrıdır ki, Elçin Babayevi onunla görüşə göndərsin? Bu görüşdə Ramiz Mehdiyevin məqsədi nə idi ki? “Qapalı” görüşdürsə, hansısa dövlət əleyhinə fəaliyyətdən söhbət gedir? Bəs, belədə Ramiz Mehdiyev təzəcə rektor vəzifəsi alan Elçin Babayevi niyə riskə atır ki! Elə diqqət çəkməyən öz çevrəsinə aid başqa şəxsi Eldar Həsənovun yanına göndərə bilməzdimi?

3. Abel Məhərrəmov vəzifədən azad ediləndə az qala yüzmilyonları aşan sərvəti və mülklərinin siyahısı dərc edildi.

Elçin Babayevə aid hələ ki, sərvət/mülk siyahısı yoxdur.

Belə çıxır ki, Elçin Babayev “Ramiz Mehdiyevə layiq” kadr deyil, adamın adını batırır!

4. Abel Məhərrəmovun aldığı mükafatlarının, titulların, orden-medalların sayı-hesabı yoxdur.

Elçin Babayevin isə açıq mənbələrdəki tərcümeyi-halında yalnız 2005-ci ildə aldığı “Tərəqqi” medalı var.

Ramiz Mehdiyevin kadrı çox titullu olsa gərək!

5. Elçin Babayevin BDU-da məzun geyimi və məzun günlərində foto/video-çəkilişləri inhisara alması və bundan qanunsuz qazanc əldə etməsi barədə də söz-söhbət yayılır.

Qəribə iddialardır – xüsusilə hər kəsin əlində yüksək keyfiyyətlə foto-videolar çəkən telefonlar varkən.

Adətən rektorların “gəlir yerləri” tamamilə fərqli olur. Niyə onlar vurğulanmır və ildə bir dəfə məzun törəni haqda şadlıq evlərinə aid iddialar səsləndirilir?

6. Elçin Babayev BDU-nun dosenti Nəriman Süleymanovun 18 noyabr 2026-cı ildə intihar etməsindən bir gün sonra vəzifəsindən azad edildi.

2018-ci ildə qəbul edilən “Təhsil haqqında” qanuna əsasən, rektorlar 5 il müddətinə təyin edilir. 2019-cu ilin martında rektor təyin edilən Elçin Babayevlə bağlı qərar 2024-cü il martın 27-də yenilənib və Prezidentin sərəncamı ilə o, daha 5 il müddətinə rektor vəzifəsinə təsdiqlənib.

Ramiz Mehdiyevin kadrı 2024-cü ildə yenidən təyinat ala bilməzdi.

Həmçinin 2024-cü ildə yenidən təyinat alan şəxsin müddət başa çatmadan vəzifəsindən azad edilməsinin də mütləq bir səbəbi var. Bu, BDU dosentinin özünəqəsdi ilə bağlıdırmı?

E.Babayevin xanımı Yazgül Abdıyeva bununla bağlı dosentin həyat yoldaşı, jurnalist Şərəf Cəlillinin eyhamını təkzib etdi və bu təkzibdən cəmi bir neçə saat sonra BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanovun vəzifədən azad edilməsi xəbəri yayıldı. ”Təlim texnologiyaları üzrə” prorektorun rektorun dərhal ardınca vəzifədən çıxarılması ilkin informasiyanı gücləndirməyə və “təkzibin təkzibinə” cəhd idi. Qısa müddətdə bəlli oldu ki, F.İmanov əslində 1 il əvvəl vəzifəsindən azad olunubmuş.

Maraqlıdır, bəs onun işdən getməsini Elçin Babayevin işdən uzaqlaşdırıldığı günə “transfer” etmək, ardınca isə sosial şəbəkələrdə rektorun təhsil ocağında birini şərləmək üçün Fərda İmanovdan istifadə etdiyi haqda iddialar paylaşmaq, hətta bu iddialara “Fərda İmanovun üzəduran qadınları vardı, tapşırıq gələn kimi dərhal onlardan istifadə edirdi” ittihamını da əlavə etmək kimə lazımdır? Ümumiyyətlə, bu “incə”, sezilməyən kampaniyanı kim aparır və səbəb nədir? F.İmanovun 1 il əvvəl elə Elçin Babayev tərəfindən işdən uzaqlaşdırılması faktını sabiq rektora qarşı kim istifadə edir? Bu yalanın təkzib olunacağını bilə-bilə bunu “mediaya ötürmək” və təkzibə qədər yalanın ayaq tutub yeriməsinə ümid etmək bir oyunun tərkib hissəsinə bənzəyir.

Əlbəttə:

- Elçin Babayev naxçıvanlıdır;

- Elçin Babayev elmlər namizədi, dosentdir;

- İndiyə qədər yalnız “Tərəqqi” medalı alıb;

- Fövqəladə tanınmış sima və dünya şöhrətli alim deyil və s.

Belə bir şəxsin 2019-cu ildə BDU rektoru təyin edilməsi üzərinə düşünmək və “hamisini axtarmağa” dəyər: amma niyə indi və niyə Ramiz Mehdiyev?

Yeri gəlmişkən: BDU-da “namizəd-rektor” ənənəsini xatırlamıram (bəlkə də BDU-nun yarandığı ilkin illərdə olub), amma bu ənənə, deyəsən, dövrümüzdə Elçin Babayevdən başlayır - yeni rektor Məleykə Abbaszadə də elmlər namizədi/fəlsəfə doktorudur.

Elçin Babayevin narsizm xəstəliyinə tutulması, aşırı eqoizm nümayiş etdirməsi, hətta “xarici nümayəndələrlə görüşdə özünü çox yekə tutmasının müşahidə edildiyi” haqda son günlərin iddialarına qarşı deyəcək sözümüz yoxdur – çünki adamı tanımırıq və yaxud müşahidə aparmamışıq, yalnız ümumi informasiyalara əsaslanırıq – baxmayaraq ki, yeni təyinatı vaxtı məhz tələbələri onunla selfilərini paylaşırdılar, Elçin Babayevin tələbələri ilə birbaşa ünsiyyətə girməsi, BDU yeməkxanasında yemək yeməsi piarı medianı başına götürmüşdü.

Bu təzadlı fikirlər şəxsi yanaşma da, həqiqət də ola bilər, ancaq E.Babayevin Ramiz Mehdiyevin adamı olması barədə hər yeni “fakt” məntiqsizliyi ilə diqqət çəkir və birilərinin şantajı, onun karyerasını tamamilə məhv etmək təsiri bağışlayır...