Вернуться назад Распечатать

Yolkaların qiyməti od tutub yanır

 Yeni il bayramına sayılı günlər qaldıqca evlərdə və ictimai məkanlarda bayram hazırlıqları da sürətlənir. Bu hazırlıqların əsas atributlarından olan yolkalar isə bu il qiymətləri ilə gündəmə gəlib. Mağazalarda və onlayn satış platformalarında müxtəlif ölçülü süni yolkalar təklif olunsa da, bəzi modellərin qiyməti adi bir ailənin büdcəsi üçün kifayət qədər yüksəkdir.

1xeber.media  xəbər verir ki, satışda olan yolkaların qiymətləri ölçüsünə, materialına və keyfiyyətinə görə dəyişir.

Stolüstü suvenir yolkaları 5-15 manat arasında əldə etmək mümkündür. Daha böyük modellərin qiyməti isə 40 manatdan başlayaraq 200 manat və daha yuxarı məbləğlərə çatır. Lakin bazarda qiymətlər bununla bitmir. Xüsusilə iriölçülü və daha keyfiyyətli yolkalar üçün kifayət qədər yüksək məbləğ ödəmək lazım gəlir. Onlayn satış platformalarında 180 sm hündürlüyündə olan yolkaların qiyməti 300 manatdan başlayır. Keyfiyyət və görünüş fərqinə görə bu ölçüdə olan modellərin qiyməti 2 min manata qədər yüksəlir. 

3 metrlik yolkalar isə 1000-1500, bəzi modellərdə 2000 manat civarında təklif olunur. Ən bahalı modellər sırasında 5 metr hündürlüyündə olan yolka yer alır. Hazırda onlayn satışda bu ağacın qiyməti 6 min manatdır. Ümumilikdə, 4-5 metrlik iri yolkaların qiyməti 3-6 min manat arasında dəyişir.

Təbii yolkaların qiyməti isə daha yüksəkdir. Belə ki, hündürlüyü 1,5 metrədək olan təbii ağacları ən azı 400-450 manata almaq mümkündür.

Ötən ilin eyni dövrü ilə müqayisə apardıqda, yolkaların qiymətində nəzərəçarpan artım olduğunu görmək mümkündür. Ölçü, görünüş və keyfiyyət fərqləri nəzərə alınmaqla, bəzi modellərdə bahalaşma 25-30 faizə çatır. Satıcılar qiymət artımını əsasən məhsulların xaricdən idxalı zamanı yaranan əlavə xərclər və alış qiymətlərinin yüksəlməsi ilə əlaqələndirirlər. Mağaza sahibləri də əvvəlki illərlə müqayisədə yolkaların daha baha qiymətə təklif olunduğunu təsdiqləyirlər.

Bununla yanaşı, bayram yaxınlaşdıqca qiymətlərin bir qədər də artacağı ehtimal olunur. Maraqlıdır ki, yüksək qiymətlərə baxmayaraq, alıcıların yolkalara marağı azalmayıb. Müxtəlif ölçü və modellərdə olan ağaclara tələbat kifayət qədər yüksəkdir.