Son vaxtlar “Sədərək” və “Binə” ticarət mərkəzlərində alıcı qıtlığı, satışların azalması, sahibkarların ciddi çətinliklərlə üzləşməsi barədə fikirlər səslənir. Bir vaxtlar alış-verişin ən qaynar nöqtələri hesab olunan bu bazarlarda indi əvvəlki canlanmanın olmadığı bildirilir. Sahibkarlar müştəri azlığından, yüksək xərclərdən və vergilərdən şikayətlənir, alıcılar isə qiymətlərin baha olmasından narazıdır. Bu durğunluq təkcə “Sədərək” və “Binə” ilə məhdudlaşmır, digər ticarət sahələrində də satışların zəiflədiyi iddia olunur.
Azərbaycanda ticarət niyə bu vəziyyətə düşüb? Baş verənlərlə bağlı dövlət səviyyəsində hər hansısa tədbir görülə bilərmi? Bu, vətəndaşa necə təsir edəcək?
1xeber.media xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov Globalinfo-ya açıqlamasında buna ölkədə iqtisadi böhranın yaşanmasının səbəb olduğunu bildirib:
“Azərbaycan hökuməti özü də bu il iqtisadi artımın olmadığını etiraf edib. İqtisadi artımın olmaması o deməkdir ki, insanların real gəlirləri artmır, əksinə, qiymətlərin yüksəlməsi səbəbindən xərcləri çoxalır. Qiymətlər davamlı olaraq bahalaşır. Belə şəraitdə insanların əksəriyyəti alış-verişi azaltmağa məcbur qalır, çünki kifayət qədər vəsaitləri yoxdur. İnsanlar məhsulun baha olduğunu deyəndə, əslində, onu öz gəlirlərinə nisbətən əlçatmaz hesab edirlər. Təbii ki, bu vəziyyət sahibkarlara da mənfi təsir göstərir”.
İqtisadçı bildirib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri dövlət büdcəsinin gəlirlərini artırmaqdır:
“Bu məqsədlə vergi və gömrük inzibatçılığı gücləndirilib, sahibkarlardan əsaslı, bəzən isə təəssüf ki, əsassız ödənişlər tələb olunur. Əsassız ödənişlər dedikdə, yalnız rüşvəti nəzərdə tutmuram. Hazırda rüşvət halları o qədər də geniş yayılmayıb. Söhbət daha çox əsassız vergi hesablamalarından, gömrük tələblərindən və rüsumlardan gedir. Nəticədə sahibkarların vəziyyəti günü-gündən ağırlaşır. Bu baxımdan ölkədə normal qanunçuluq və investisiya mühiti yaradılmalı, sahibkarlara fəaliyyətlərini sərbəst şəkildə qurmaq imkanı verilməlidir ki, hamı qazansın. Əsas məqsəd nə olursa-olsun dövlət büdcəsini doldurmaqdan ibarət olmamalıdır. Əksinə, sahibkarlığa şərait yaradılmalı, qanunun aliliyi təmin edilməli, iqtisadi fəaliyyət üçün sərbəstlik verilməlidir. Belə olduqda, həm sahibkarlar qazanar, həm də dövlət büdcəsinə müvafiq ödənişlər daxil olar”.