Milli Məclisin plenar iclasında gündəliyin səkkizinci məsələsi – “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Arzu Nağıyev maraqların vaxtında müəyyən edilməsinin və qarşısının alınmasının dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, parlamentari qeyd edib ki, dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bu sənəd Prezident İlham Əliyevin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Fəaliyyət Planı”nın icrası məqsədilə hazırlanıb.
Deputatın sözlərinə görə, maraqlar toqquşması dövlət vəzifəsini icra edən şəxsin şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır. Burada əsas məqsəd şəxsi maraqların ictimai mənafedən üstün tutulmasının qarşısını almaqdır. A.Nağıyev dövlət satınalmaları, işə qəbul, vəzifəyə təyinat və maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərarlarda vəzifəli şəxsin özünün, yaxın qohumlarının və ya əlaqəli şəxslərin marağı olduqda obyektivlik və qərəzsizlik prinsiplərinin qorunmasının vacibliyini vurğulayaraq, belə hallarda şəxsi maraqların açıqlanmalı olduğunu diqqətə çatdırıb.
Maraqlar toqquşması ilə korrupsiyanın eyni anlayışlar olmadığını xüsusi qeyd edən parlamentari bildirib ki, maraqlar toqquşması özlüyündə hər zaman cinayət əməli hesab edilməsə də, düzgün idarə olunmadıqda korrupsiya hüquqpozmaları üçün əlverişli şərait yarada bilər.
Qanun layihəsinin əsas istiqamətlərindən birinin maraqlar toqquşmasının əhatə dairəsinin və anlayışlarının dəqiq müəyyənləşdirilməsi olduğunu söyləyən A.Nağıyev sənəddə bu halların hansı şəxslərə şamil edildiyinin və şəxsi, ailəvi, maliyyə maraqlarının hansı meyarlarla qiymətləndiriləcəyinin aydın əksini tapdığını deyib. Deputat əlavə edib ki, layihədə vəzifəli şəxslərin maraqlar toqquşması ehtimalını müəyyən etdikdə hansı quruma, hansı müddətdə və hansı qaydada məlumat verməli olduqları da dəqiq tənzimlənib.