Dünən iki gənc insan həyatını itirdi. Tanınmış aparıcı Ada Süleymanova və Anar Kərimov dəhşətli yol qəzasında dünyasını dəyişdilər. Bir insanın ən xoş günündə – doğum gününü qeyd edib evinə qayıdarkən ölümlə üz-üzə gəlməsindən daha ağrılı nə ola bilər? Hələ torpağı soyumamış, ailələrinin fəryadı səngiməmiş bir faciənin ortasındayıq.
Amma sosial şəbəkələrə baxanda adamın damarında qan donur. Faciə qalıb bir kənarda, kütləvi bir "əxlaq dərsi" başlayıb.
Rəyləri oxuduqca düşünürsən: biz nə vaxt bu qədər qəddar, bu qədər mərhəmətsiz, bu qədər cahil olduq? Ölüm xəbərinin altında başsağlığı əvəzinə, mərhumun geyimini müzakirəyə çıxarmaq, ad günündən yayılan görüntülərdəki libasına irad tutmaq, avtomobildə yanında kimin əyləşdiyini sorğu-sual etmək hansı insanlığa sığır?
Ən dəhşətlisi isə odur ki, heç nə bilmədən, tanımadan, iki insanın arasındakı münasibətin mahiyyətindən xəbərsiz halda bir qadına az qala "əxlaqsız" damğası vurulur. Sual yaranır: bir avtomobildə bir kişinin yanında əyləşmək nə vaxtdan əxlaqsızlıq ölçüsü olub? Bir qadının dostu, tanışı, həmkarı və ya sevdiyi insan ola bilməzmi? Hətta nə olursa-olsun, iki insan artıq bu dünyada yoxdursa, onların şəxsi həyatını didişdirmək, arxalarınca çirkab atmaq kimin nəyinə lazımdır?
Bizim cəmiyyətdə "əxlaq" anlayışı niyə yalnız qadının geyiminin uzunluğu və yanında kimin olması ilə ölçülür? Niyə yalan danışmaq, başqasının haqqını yemək, riyakarlıq etmək, ən əsası isə – ölünün arxasınca danışmaq əxlaqsızlıq sayılmır?
Ənənələrimizdə, inancımızda, insanlıq kodeksimizdə ölünün arxasınca rəhmət oxumaq, susmaq və ehtiram göstərmək var. Klaviatura arxasında gizlənib özünü "mənəviyyat keşikçisi" elan edənlər isə nə dinə, nə adətə, nə də adi insanlığa sığmayan bir linç kampaniyası aparırlar.
Unutmayaq ki, ölüm heç kimdən icazə almır və heç kim o qəzadan, o sondan sığortalanmayıb. Bu gün başqasının faciəsini mühakimə edənlər sabah özlərinin və ya yaxınlarının hansı sınaqla üzləşəcəyini bilmirlər.
İki gənc həyat yarımçıq qaldı. Onlara indi bizim saxta əxlaq dərslərimiz yox, sadəcə bir kəlmə rəhmət və birazca insanlıq lazımdır. Əgər onu da bacarmırıqsa, heç olmasa susaq...
Aidə Tofiqqızı
1xeber.media