“Son vaxtlar korrupsiyaya qarşı cənab Prezident tərəfindən aparılan mübarizə nəticəsində ayrı-ayrı məmurların məsuliyyətə cəlb olunması və onların qeyri-qanuni korrupsion yollarla əldə etdiyi vəsaitlərin ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına yazdırılması və nəticə etibarilə özünün heç nəyi olmaması, hətta yaşayış evinin belə olmaması, kirayə yaşaması kimi hallarına rast gəlirik”.
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
“Bu da o insanlarda bir ikrah hissi doğurur və hesab edirəm ki, burada düzgün olaraq bəyannamə qabaqcadan elan olunmalıdır. Bir çox hallarda çoxu göstərir ki, keçmişdən ona babasından vəsaitlər qalıb. Əslində yoxlasan, babası lütün biri olub. İndi bunun adına gətirib hər hansı bir ad yazdırır ki, onun vəsaiti hesabınadır. Mən hesab edirəm ki, bəyannamə bunun hamısını açıq şəkildə göstərəcək.
İkincisi, bu qanun layihəsi ədalətsiz sahibkarlığın qarşısını alacaq. Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan həmin insanlar kifayət qədər oğurladığı pulları bu və ya digər dərəcədə ticarət, tikinti, fermer və digər sahələrə qoymaqla kiçik və orta sahibkarlığın belini qırır. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş gedib bankdan 23-24 faizə kredit götürüb bu işi görmək istəyəndə bu, külli miqdarda vəsaiti tökür, dəyərinə-dəyməzinə işlərini görür və ya da elədiyi məhsulu da dəyərinə-dəyməzinə satır. Çünki pul havayıdır və bu havayı pulun nəticəsində bunu əldə edir.
Minlərlə insan kənd yerlərində onların hesabına, demək olar ki, hər hansı bir bizneslə məşğul olmaqdan kənarda qalır. Mən hesab edirəm ki, biz bu qanunu qəbul etməklə bu qarşılıqlı rəqabəti də ortadan qaldırmalı olacağıq.
Üçüncü bir məsələ, məmur və digər tərəf... Biz burada hər iki tərəfi də nəzərdə almalıyıq. Məmura rüşvəti təklif eləyən də var axı. Məmura əgər rüşvət təklif eləməsələr, məmur rüşvəti haradan ala bilər? Təklif eləyən tərəfi də qınamalıyıq, düzgün yolu göstərməliyik ki, hər bir fərasətsiz, təhsili olmayan, zəif təhsilli övladını bu və ya digər dərəcədə şirnikləndirməklə və yaxud hədiyyələrlə, digər vasitələrlə işə cəlb etmək olmaz. Bu, dövlətə də ziyandır”, - deyə komitə sədri qeyd edib.