Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı oğlu Əli (Zəlimxan) Kadırovun Serbiya vətəndaşlığı aldığı və bu ölkənin pasportu ilə Avropaya vizasız səfər edə biləcəyi iddia olunur.
1xeber.media xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb.
Məlumatda bildirilir ki, Əli Kadırov 2025-ci il iyulun 10-da Serbiya hökumətinin qərarı ilə vətəndaşlıq əldə edib. Onun adına verilən pasportda Musaev Əli Ramzanoviç adı qeyd olunub. Sənəddə göstərilən doğum tarixi və yeri – 14 dekabr 2006-cı il, Çentroi kəndi Əli Kadırovun məlumatları ilə üst-üstə düşür.
Araşdırmaya görə, gənc Serbiya vətəndaşlığı almamışdan əvvəl, ötən ilin dekabrında Çeçenistanda rəsmi qaydada soyadını Musaev olaraq dəyişdirib.
FBK iddia edir ki, Əli Kadırov bu soyad altında xarici ölkələrə 100 dəfədən çox səfər edib. Səfərlərin əksəriyyətinin özəl təyyarələrlə, əsasən də Dubaya həyata keçirildiyi bildirilir.
Araşdırmada həmçinin Ramzan Kadırovun ailə üzvlərinin də xarici səfərlər zamanı Musaev soyadından istifadə etdiyi qeyd olunur. Onların arasında Kadırovun oğulları Adam və Əhməd, qızı Təbərik, eləcə də həyat yoldaşı Medni də var.
FBK araşdırmasında Kadırov ailəsinin indiyədək məlum olmayan yeni təyyarəsi barədə də məlumat verib. Bildirilir ki, söhbət 2,5 milyard rubl (təxminən 25 milyon dollar) dəyərində olan “Bombardier Global 6000” təyyarəsindən gedir. Təyyarənin ötən ilin avqust ayına qədər Avropa qeydiyyatında olduğu iddia edilir.
Araşdırma müəllifləri Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, Kadırovun 2025-ci ildə Avropada təyyarə ala bilməsinə diqqət çəkiblər. Onlar məsələ ilə bağlı Avropa ölkələrinin müvafiq qurumlarına rəsmi müraciətlər göndərəcəklərini bildiriblər.
FBK Serbiya hakimiyyətindən Əli Kadırovun vətəndaşlığının ləğv edilməsini də tələb edib.
Qeyd edək ki, araşdırmada ötən il Serbiya vətəndaşlığı alan digər şəxslərin də adları çəkilir. Onların arasında çeçen əsilli milyarder Musa Bajayevin qohumları Mədinə və Roza Bajayevalar da var.
Xatırladaq ki, “Proekt” nəşrinin daha əvvəl yaydığı araşdırmaya əsasən, Ramzan Kadırov və ailə üzvləri 2014-2023-cü illərdə xarici səfərlər üçün özəl təyyarələrə 13,1 milyon dollar xərcləyiblər. Həmin dövrdə Kadırovun səfərlərində 63 qohumu iştirak edib.
2025-ci ilin yazında isə “Agentstvo” nəşri Kadırovun digər oğlu Adamın uçuşlar zamanı iki fərqli pasportdan istifadə etdiyini yazmışdı. Həmin sənədlərdə onun adı “Kadırov Məhəmməd Ramzanoviç” və “Musaev Məhəmməd Ramzanoviç” kimi göstərilib.