Вернуться назад Распечатать

Çin kosmosa ilk pakistanlı astronavtı göndərdi – Şençjou-24 Tiangong stansiyasına çatdı

1xeber.media xəbər verir ki, Çin kosmik tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlıq baxımından mühüm hadisəyə imza atıb. Pakistan vətəndaşı olan 40 yaşlı pilot Zeşan Əli Çinin Şençjou-24 kosmik missiyasının heyətində kosmosa göndərilib. O, Tiangong orbital stansiyasına daxil olan ilk xarici astronavt və kosmosa çıxan ilk pakistanlı kimi tarixə düşüb.

Reuters-in məlumatına görə, kosmik gəmi noyabrın 25-də yerli vaxtla saat 08:18-də Çinin şimal-qərbində yerləşən Tsyütsüan kosmodromundan Long March-2F raketi vasitəsilə orbitə buraxılıb. Uçuşdan təxminən üç saat 38 dəqiqə sonra kosmik gəmi Tiangong stansiyasına uğurla birləşib.

Missiyanın heyətinə çinli astronavtlar Tan Honqbo və U Yi də daxildir. Zeşan Əlinin stansiyada 5-10 gün qalacağı və müxtəlif elmi təcrübələrdə iştirak edəcəyi bildirilir. Tədqiqatlar arasında kosmik aparatların özünü bərpa edə bilən materiallarının öyrənilməsi də var.

Əli bu missiyaya hazırlıq məqsədilə Pekində yeddi ay təlim keçib. O, kosmik uçuşun yalnız şəxsi nailiyyət olmadığını, Pakistanın elmi və texnoloji inkişafı üçün mühüm hadisə olduğunu bildirib.

Çin son illərdə Tiangong stansiyasını beynəlxalq kosmik əməkdaşlıq platformasına çevirməyə çalışır. Pekin 2030-cu ilə qədər Ay səthinə insan göndərməyi, 2035-ci ilə qədər isə Ayda elmi tədqiqat bazasının yaradılmasını hədəfləyir.

Bu missiya Çin-Pakistan münasibətlərində də yeni mərhələ hesab olunur. İki ölkə gələcəkdə peyk texnologiyaları və Ay tədqiqatları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.