Вернуться назад Распечатать

25 Noyabr Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

 

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi
gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama
əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.  Kəlbəcər 1930-cu il avqustun
8-də inzibati rayon statusu alıb. Rayon 1993-cü il aprelin 2-də o zamanıkı AXC-Müsavat
hakimiyyətinin bacarıqsızlığı  səbəbindən  erməni işğalçıları tərəfindən işğal olunmuşdu. İşğal
nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
Respublikamızın dilbər guşələrindən biri olan Kəlbəcərin işğaldan azad edilməsindən
beş il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin sərkərdəliyi ilə ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya
aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları,
Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə
Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər
şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını
ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il
ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı,
sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və
bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu
torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv
edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.
Otuz il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış
məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü
gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə
də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər
avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını
birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri
zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində – Murovdağda inşa olunacaq tunelin
təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı
olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin
tikintisinə start verilib.
Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik
Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib,
Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub. Həmin gün Kəlbəcər İşğal və Zəfər muzeyləri
kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun,
İstisu sanatoriyasının təməli qoyulub.
Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının
verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Müzəffər Ali Baş Komandan İlham
Əliyev bu tədbirin xüsusi məna daşıdığını vurğulayıb: “Bu gün bu hərbi hissənin açılması bir
daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik.
Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda
bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna
daşıyır, rəmzi məna daşıyır”.
Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən biri də “İstisu”
sanatoriyasıdır. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu
qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il  mayın 27-də Kəlbəcər rayonuna səfəri
çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının
açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar
kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
Həmin il  avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik
stansiyasının açılışı olub, Zar kəndinin təməli qoyulub.  Prezident Kəlbəcərə səfəri

çərçivəsində «İstisu» mineral su zavodunun ilk məhsulunun buraxıdması mərasimində iştirak
edib.
Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl
gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.
Bəxtiyar Məmiyev,
Sabirabad rayon Bitki mühafizə idarəsinin rəisi