“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
1xeber.media xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə “Azərsun Holdinq”in Sumqayıtda yerləşən istehsalat müəssisələrinə birgə infotur təşkil olunub.
İnfoturun əsas məqsədi müəssisələrin fəaliyyəti, istehsal prosesləri, əməkdaşlar üçün yaradılmış iş şəraiti və əməyin mühafizəsi sahəsində görülən işlərlə yerində tanış olmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.
Səfər çərçivəsində Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikinə baxış keçirilib.
Qonaqlara müəssisələrin istehsalat fəaliyyəti, texnoloji proseslər, tətbiq olunan təhlükəsizlik qaydaları və əməkdaşlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
İnfotur zamanı fərdi mühafizə vasitələrindən istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunması, əməkdaşların maarifləndirilməsi və təhlükəsiz iş mühitinin təmin edilməsi diqqət mərkəzində olub. Həmçinin müəssisələrdə yaradılmış sosial şərait, o cümlədən yeməkxanalar və digər imkanlarla tanışlıq baş tutub.
Görüşlərdə tərəflər əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin, birgə maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, bu təşəbbüs “Azərsun Holdinq” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlığın inkişafı, istehsalat müəssisələrində təhlükəsiz əmək mühitinin təşviqi və gələcək birgə layihələr üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
“Azərsun Holdinq” üçün istehsalatın inkişafı ilə yanaşı, bu prosesin əsas iştirakçısı olan insanların sağlamlığı, təhlükəsizliyi və rifahı da daim diqqət mərkəzindədir.




