Вернуться назад Распечатать

İranın MDB-yə yeni əməkdaşlıq formatında qoşulması müzakirə olunur

İranın Müstəqil Dövlətlər Birliyinə (MDB) “MDB+” formatında qoşulması məsələsi hazırda müzakirə edilir.

1xeber.media xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev qurumun 35 illiyi münasibətilə TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkmənistanın Avaza şəhərində keçirilən sammitdə ilk dəfə iştirak edən İran Prezidenti Məsud Pezeşkian ölkəsinin “MDB+” formatında əməkdaşlığa başlamaq istədiyini bəyan edib.

Lebedev qeyd edib ki, bu təşəbbüs MDB ölkələrinin marağına səbəb olub və ilkin qiymətləndirmələr əsasən müsbətdir. Hazırda İrana bu formatın ilk iştirakçı dövləti statusunun verilməsi məsələsi nəzərdən keçirilir.

MDB baş katibi gələcəkdə Monqolustan və Serbiyanın da bu əməkdaşlıq formatına qoşula biləcəyini istisna etməyib.

Xatırladaq ki, oktyabr ayında MDB sammitində çıxış edən İran Prezidenti Məsud Pezeşkian Tehranla əməkdaşlıq üçün “MDB+1” formatının yaradılmasını təklif etmişdi.

Pezeşkian strateji əhəmiyyətli region ölkələrinin çoxqütblü dünya nizamının formalaşmasında əsas iştirakçılardan biri olmasının vacibliyini vurğulamış, İranın etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq və təhlükəsizliyin tərəfdarı olduğunu bildirmişdi.