Türkiyə və ABŞ arasında Rusiyanın istehsalı olan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qaldırılması müzakirə olunacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin müdafiə naziri Yaşar Gülər noyabrın 30-da ABŞ-ın müdafiə naziri Pit Heqsetlə görüşəcək. Danışıqlar dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşdən əvvəl baş tutacaq.
Görüşün əsas mövzusu Ankaranın 2019-cu ildə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ətrafında yaranmış mübahisənin həlli olacaq.
Qeyd edək ki, S-400 sistemlərinin alınmasından sonra ABŞ Türkiyənin F-35 qırıcılarının istehsalı və tədarükü proqramında iştirakını dayandırıb. Vaşinqton bu sistemlərin F-35 təyyarələrinin məxfi texnologiyaları üçün təhlükə yarada biləcəyindən narahatdır.
Türkiyə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay isə bildirib ki, Ankara yanvar ayında demokratların Konqresə nəzarəti ələ almasından əvvəl mübahisənin həllinə nail olmaq istəyir.
Oktayın fikrincə, demokratlar Türkiyənin F-35 proqramına qaytarılması məsələsinə daha skeptik yanaşa bilərlər.