Şabranlı iş adamı Mansur İbrahimov Ramiz Mehdiyev, kürəkəni İlham Əlisəftər oğlu Əliyev vəzifədə olarkən onları məhkəmələrə verib, zəbt olunmuş şirkət, torpaq və əmlaklarını tələb edib. 2017-ci ildə başlayan məhkəmə çəkişmələri qarşı tərəfin məhkəməyə müraciət etmək hüququndan sui-istifadəsi səbəbi ilə bitmir.
Mansur İbrahimov Azərbaycanın şimal zonasında yüzlərlə hektar meyvə və üzüm bağının, soyuducu anbarın, eləcə də "Turaz" MMC və "Dostluq Aqro" MMC şirkətlərinin əlindən alınması ilə bağlı açıqlama verib.
1xeber.media Musavat.com-a istinadən bildirir ki, iş adamı 2005-2006-cı illərdən sıfırdan qurduğu təsərrüfata 2011-ci ildə, Prezident Administrasiyasının sabiq rəhbəri olmuş Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin necə şərik olmasından danışıb.
O, üzləşdiyi təzyiqləri, Moskva bazarında mənimsənilən milyonları və məhkəmələrdə üzləşdiyi qanunsuzluqları vurğulayıb.
"2006-cı ildən sıfırdan bağ salmışdım, dövlətdən bir manat kredit almamışdım"
Mansur İbrahimov bildirib ki, kənd təsərrüfatı fəaliyyətinə 2005-2006-cı illərdə öz şəxsi vəsaiti hesabına başlayıb:
"O vaxt camaat torpağa, əkin-biçinə maraq göstərmirdi. Mən taxıl əkirdim, əkini 100 hektardan 2 000 hektara qaldırmışdım. 2006-cı ildə Türkiyədən üzüm çubuqları gətizdirib kökləndirdim və bağ saldım. 2009-cu ildə artıq 84 hektar meyvə bağım var idi - alma, armud, heyva, gilas, Kürdəmirdən gətirdiyim 100 min tinglə 40 hektar nar bağı salmışdım. 2010-cu ildə təkcə üzümdən 300 min manat gəlir götürdüm. O zamanlar kənd təsərrüfatı nazirləri İsmət Abbasov, Heydər Əsədov və Şahin Mustafayev də dəfələrlə təsərrüfatımda olublar".
İş adamının sözlərinə görə, 2011-ci ildə onun artıq 196.5 hektar meyvə və üzüm bağı olub, həmin il təsərrüfat 2 milyon manata yaxın gəlir verib.
Ətrafındakı şəxslərdən Kərim Məmmədov, sabiq bank və vergi işçisi Məhəmməd Balaqadaşov məhsuldarlığın və gəlirlərin artdığını görərək 2011-ci ilin əvvəllərində Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin onun şirkətinə şərik olacağını deyiblər.
İş adamı buna qəti etiraz etdikdə isə ona qarşı təzyiq mexanizmi işə salınıb:
"2011-ci il fevralın sonları idi. O vaxt Şabran Polis Şöbəsinin rəisi Eldar İlyasovun göstərişi ilə maşınımı gecə bağlardan qayıdanda saxladılar. Bağların hasarı hələ çəkilməmişdi, çaqqallar su şlanqlarını dişləri ilə doğradıqları üçün gecələr bağları gəzəndə öz adıma qeydiyyatda olan rəsmi, qanuni ov silahımı maşında gəzdirirdim. Bu bəhanə ilə məni polisə aparıb, bir sutka saxladılar. Eldar İlyasovla çox yaxşı münasibətimiz vardı. Bilirdi ki, mən əlimin zəhməti ilə ayaqda qalan iş adamıyam. Ondan həmişə hörmət görmüşdüm. Belə bir halda mənim qanuni silaha görə polisə aparılmağım, Eldar İlyasovun 3 telefon nömrəsindən heç birinə cavab verməməsi əsassız yerə saxlanılmağımın onun iradəsindən kənar olduğunu ortaya qoyurdu. Sonradan Eldar İlyasovun ətrafından bunu mənə deyənlər də oldu. Mən silahın qanuni olduğunu deyib məhkəməyə aparılmağımı tələb edirdim. Lakin məni məhkəməyə aparmadılar, səhər heç bir izahat almadan sərbəst buraxdılar. Qanuni silahımı, maşınımı isə vermək istəmirdilər. Sərbəst buraxıldıqdan sonra Kərim Məmmədovla Məhəmməd Balaqadaşov yenə peyda oldular. İsrarla İlham Əliyevin şəriklik təklifini qəbul etməyimi istədilər. Mənə dedilər ki, onunla ortaqlığa razılıq verməsən, işlərin getməyəcək, yenə də problemlərin olacaq, həbs ediləcəksən. Həmin il martın 3-də İlham Əliyev artıq şirkətə gəldi. İlk sözü də bu oldu: "Narahat olma, bundan sonra sənə hər yerdə - polisdə, prokurorluqda "yaşıl işıq" olacaq". İlk sözlərindən biri də şirkətə 7 milyon manat sərmayə qoyacağı vədi oldu. Amma sonradan 1 manat belə pul qoymadı, üstəlik, şirkətin gəlirlərini ələ keçirməyə, mənimsəməyə başladı. Bu işdə ona Kərim Məmmədov və Məhəmməd Balaqadaşov dəstək verirdilər".
"Bağların birində balaca bir otaq vardı, ofis kimi istifadə edirdim, sənədlərim orada idi. İlham Əliyev Vüqar adlı hüquqşünası ilə ora gəldi. Hüquqşünas sənədlər gətirdi, dedi ki, "Turaz" MMC-nin adından 20 milyon manat kredit götürəcəklər, məndən qol çəkib möhür vurmağımı istədim. Sənədi oxudum, gördüm sənəddə mənimlə yanaşı, İlham Əliyevin də adı yazılıb. Hüquqşünasa dedim ki, götür sənədi, zibil yeşiyinə at, bağlar artıq gəlirə çıxıb, kreditə ehtiyacım yoxdur, sənədi imzalamayacağam. Hüquqşünas otaqdan çıxan kimi çöldə gözləyən İlham Əliyevə dedi ki, Mansur müəllim kredit üçün sənədə qol çəkmir, möhür vurmur. O gündən aramızda açıq narazılıq başladı".
Mansur İbrahimov, həmçinin bildirib ki, İlham Əliyev gələn kimi şirkətdə rəsmi hesabat aparan iki mühasibi işdən çıxarıb və yerlərinə "uçotçik" dediyi Məsim Quliyevi gətirib. Məsim Quliyev uzun illər İlham Əliyevin faktiki olaraq zəbt elədiyi, Mansur İbrahimova məxsus şirkətlərdə çalışıb, bütün "qara mühasibat" işlərini həyata keçirib. İlham Əliyevlə mübahisədən sonra Məsim Quliyev müəmmalı avtomobil qəzasında dünyasını dəyişib.
İş adamı deyir ki, Ramiz Mehdiyev kürəkəni İlham Əliyev tərəfindən zəbt edilən, əslində isə ona məxsus olan, Şabran rayonunun Gəndab kəndində yerləşən bağlara və soyuducu anbara dəfələrlə baş çəkib:
"2011-ci ilin aprel ayında Ramiz Mehdiyev şəxsən özü köhnə "Mitsubishi" markalı avtomobillə bağlarıma gəldi. Başında bəstəkarlarınkına oxşayan ağ kepka var idi. Maşından düşmədi, oturacağı çevirib bağlara uzun-uzun baxdı. Sonralar da dəfələrlə soyuducu anbara və bağlara gəlib. Hətta ayaqla gəzə bilmədiyinə görə onun üçün xüsusi elektromobil gətirmişdilər, anbarı onunla gəzirdi. Kürəkəni İlham şirkətlərimi, torpaqlarımı, bağlarımı zəbt etdiyinə görə aramızda ciddi qarşıdurma yarandı. Mənə qarşı bütün güclərini səfərbər etmişdilər. Hər addımda mənə badalaq vururdular. Ölkə rəhbərliyinin fındıqçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq 12 hektar fındıq bağı saldırmışdım. Ramiz Mehdiyev Şabranda vaxtilə ermənilərin yaşadığı Kilvar kəndindəki evinə gedərkən yolun kənarında olan fındıq bağının qarşısında maşını saxlatdırmış, icra başçısını çağırtdırıb göstəriş vermişdi ki, bağı darmadağın etsinlər, yerinə isə arpa əksinlər. Artıq bar verən 12 hektarlıq fındıq bağımı buldozer və traktorlarla şumlatdırdı. Ramiz Mehdiyev orada da şəxsən iştirak edib, rayonun icra başçısını da ora çağırmışdı. Həmin görüntülərin diski məndə var və mətbuata təqdim edə bilərəm".
Mansur İbrahimov bildirib ki, onun bağlarından yığılan məhsulun əsas satışı Rusiya bazarlarında olub. Həmin bazarlardan gələn pullar R.Mehdiyevin kürəkəni İlham Əliyevin adamları tərəfindən mənimsənilib:
"Meyvə Rusiyaya, Moskvadakı "Food City" bazarına gedirdi. Orada İlhamın Rəsul adlı adamı oturmuşdu, bu gün də oradadır. Rəsul meyvə satışından əldə olunan pulu birbaşa İlham Əliyevə göndərirdi. O da şirkətə mənim tələbimlə hərdən 30-50 min manat verirdi. Pulun böyük hissəsi İlhama, bir hissəsi də Rusiyada 2013-cü ildən axtarışda olan Kərim Məmmədova gedirdi. Bu günə qədər mənimsənilən vəsaitin məbləği 40-50 milyon manatdan artıqdır".
İş adamı şirkətin sənədlər üzərində ələ keçirilməsi mexanizmini də açıqlayıb. Onun sözlərinə görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin təzyiqlərindən yayınmaq üçün 2006-cı ildə təsis etdiyi "Turaz" MMC-ni və 50 hektardan artıq torpaq sahəsini vaxtilə Gəndobda müəllim olan Cavanşir Quliyevin adına rəsmiləşdirib, özü isə direktor olub.
2008-ci ilin avqustunda Kərim Məmmədov və Cavanşir Quliyev Xaçmaz notariat kontorunda saxta müqavilə bağlayaraq şirkətin möhür və ştampını Kərim Məmmədovun 4 bacısının adına keçiriblər. Daha sonra bacılar saxta təsisçi qərarı yazaraq Kərim Məmmədovla əlbir olan, zamanında vergi orqanlarında çalışmış Məhəmməd Balaqadaşovun əli ilə "Turaz" MMC-nin əmlakını 25 faiz olmaqla, öz aralarında bölüşdürüblər.
Mansur İbrahimov bildirir ki, 2019-cu ildə həm özü, həm də Cavanşir Quliyev Şabran Rayon Məhkəməsində iddia qaldıraraq saxta əqdlərin ləğvinə nail olublar:
"Şabran Rayon Məhkəməsi əmlakın və 55 hektar bağın qaytarılması barədə mənim xeyrimə qərar çıxardı. İş Sumqayıt Apellyasiya Məhkəməsinə getdi. Orada qərar oxunmalı olduğu gün qarşı tərəfin vəkili 3 gün vaxt istədi. Həmin 3 gün ərzində İlham Əliyev, Kərim Məmmədov və vəkil Aqamov Cavanşir Quliyevi Quba "ASAN xidmət" mərkəzinə apararaq, mənə verdiyi bütün etibarnamələrə xitam verdirib və iddiasının olmaması haqda notariusda ərizə yazdırıblar. Hakimlər də Cavanşir Quliyevin bu satqınlığına məəttəl qaldılar, iddiaçı geri çəkildiyi üçün məcbur olub işi baxılmamış saxladılar. Bundan sonra İlham vəkil Aqamovun Quba rayon Vəkil Bürosunun rəhbərliyinə gətirilməsinə nail oldu".
O deyib ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə hakimlər qorxduqları üçün ədalətli qərar verə bilməyiblər:
"Hətta işə baxan, məhkəmə sədri olan bir hakim mənə dedi ki, otur vəkillə qərarı yaz, mən təsdiqləyim, amma mən də qorxuram, sağ-salamat pensiyaya çıxmaq istəyirəm. İndi Ramiz Mehdiyev vəzifədə deyil, amma onun yaratdığı cinayətkar dəstə - kürəkəni İlham Əlisəftər oğlu Əliyev, Kərim Məmmədov, Cavanşir Quliyev, Məhəmməd Balaqadaşov və Vahid Əsədov hələ də əmlakımı zəbt ediblər".
İş adamının sözlərinə görə, "Turaz" MMC və "Dostluq Aqro" MMC-nin balansında olan ümumilikdə 600 hektar meyvə bağı, şirkətin vəsaiti hesabına tikilmiş soyuducu anbar (İlham Əliyevin oğlunun adına açılan "Hikmət Aqro" MMC-yə yönəldilib) və onun xüsusi mülkiyyətində olan 89 hektar torpaq sahəsi qanunsuz olaraq ələ keçirilib:
"Mənim dövlətimdən, məhkəmədən, prokurorluqdan və hüquq-mühafizə orqanlarından narazılığım yoxdur. Tələbim odur ki, iki şirkətim, 600 hektar meyvə bağım, soyuducu anbarım və 89 hektar şəxsi torpaq sahəm bu mütəşəkkil dəstənin əlindən alınıb özümə qaytarılsın".