Вернуться назад Распечатать

Müəllim olmaq istəyənlərə yeni tələb: Magistr diplomu vacib olacaq?

Təhsil eksperti Elşən Qafarov yalnız bakalavr təhsili olan şəxslərin müəllim işləməməsini, pedaqoji fəaliyyət üçün magistr təhsilinin vacib olmasını təklif edib.

Təkliflə bağlı fikirlərini Redaktor.az-la bölüşən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, artıq dünyanın bir çox ölkəsində bu təcrübə tətbiq olunmağa başlanılıb.

"Pedaqoji ixtisas istiqaməti üzrə yalnız bakalavr təhsili kifayət etmir, magistratura təhsili tələbi də qoyulur. Məsələn, həmişə model kimi göstərdiyimiz Sinqapurda, Finlandiyada və bir çox Avropa ölkəsində, ümumiyyətlə, əksər ölkələrdə pedaqoji fəaliyyət üçün magistratura təhsili tələb olunur. Dünən də məhz bu mövzuda Elşən müəllimlə müzakirə zamanı, müəllimlər üçün müəyyən edilən standartlar müzakirə edilərkən belə bir fikir səsləndirildi. Düşünürəm ki, bu istiqamətdə qərar qəbul olunacaq, amma hazırda deyil, müəyyən müddət sonra". 

Mütəxəssis hesab edir ki, müəllimlərin işə qəbulu ilə bağlı tələblərdə dəyişikliklər mərhələli şəkildə həyata keçirilə bilər. O, kolleclərin pedaqoji ixtisasları üzrə qəbulun dayandırılmasını da bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirdi:

"Çünki indiyədək, məsələn, kollec bitirənləri də işə qəbul edirdiksə, bildiyiniz kimi, son dövrlərdə kolleclərə pedaqoji ixtisaslar üzrə, daha doğrusu, pedaqoji hazırlıq istiqamətində qəbul dayandırılıb. Qarşıdakı dövrdə kollec məzunlarının da müəllimlərin işə qəbulu prosesində iştirakına böyük ehtimalla icazə verilməyəcək. Yəqin ki, bu dəyişiklik yaxın illərdə deyil, təxminən beş-altı ildən sonra baş verəcək. Bundan sonra isə bakalavr təhsili ilə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olmaq üçün magistratura təhsili tələbi də qoyula bilər".