Вернуться назад Распечатать

"Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!" - Sabir Rüstəmxanlı

 Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu internet televiziyalarından birinin efirində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlı ilə bağlı bəzi iddialar səsləndirib.

S.Cəlaloğlunun sözlərinə görə, iqtidar və müxalifət nümayəndələrinin bir araya gəldiyi toplantıların birində deputatlar Siyavuş Novruzovla Mübariz Qurbanlının yanında əyləşdiyinə görə Sabir Rüstəmxanlı ona irad bildirib. O, Rüstəmxanlının bu münasibətini “İqtidarla görüşdün, birləşdin” sözləri ilə ifadə etdiyini deyib.

Partiya sədrinin iddiasına görə, həmin vaxt Siyavuş Novruzov Sabir Rüstəmxanlıya belə cavab verib: “Sərdar bəy, günün günorta vaxtı bizimlə əməkdaşlıq edir, sən isə gecələr gəlib gizli şəkildə yanımızda olursan”.

1xeber.media xəbər verir ki,Modern.az məsələ ilə bağlı sabiq deputat Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o, Sərdar Cəlaloğlunun yalan danışdığını bildirib:

"Sərdar gözünün içinə qədər yalan deyir. Heç yerdə, heç bir məclisdə Siyavuş Novruzov mənə belə bir söz deməyib. Çünki mənim nə gecə, nə gündüz, heç vaxt iqtidar qapılarında boyun büküb dayanmadığımı yaxşı bilir. İqtidarın qapıları üzümə hər zaman açıqdırsa, Milli Məclisdə daim görüşmək və sözümü demək imkanım olubsa, öz aydın milli mövqeyimlə bu haqqı qazanmışamsa, “gecə görüşləri”nə nə ehtiyac? Belə söz demədiyini Siyavuş Novruzov da təsdiqləyə bilər".

O, iqtidarın da, müxalifətin də düz və səhv işlərini həmişə açıb üzlərinə dediyini söyləyib:

"Gündüz müxalifətçi, gecə iqtidar olanları Siyavuş Novruzov da, Mübariz Qurbanlı da, hakimiyyətdəkilər də yaxşı tanıyırlar. Məni heç kim o cərgəyə qoşa bilməz! Mümkün deyil! Qapısında boyun bükülənlərin böyüyü Ramiz Mehdiyev idi, ona Milli Məclisdəki cavabımı da bütün ölkə görüb. Yalan danışmaq, xalqı parça-parça etmək, siyasətçiləri, ziyalıları bir-birinə qarşı qoymaq, yox yerdən münaqişə yaratmaq, xırda maraqlarını millətin və dövlətin maraqlarından üstün tutmaq, özünü yaxşı göstərmək üçün dostunu, yoldaşını hədəfə çevirmək mənim yolum deyil. Bunu ağlı başında olan hər kəs görür və bilir".