Вернуться назад Распечатать

Lavrov: Zelenskinin digər ölkə liderlərinə qarşı kobud davranışı onun siyasi brendinə çevrilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin digər ölkələrin liderlərinə qarşı davranışını tənqid edib.

1xeber.media xəbər verir ki, Lavrovun sözlərinə görə, Zelenskinin həm Rusiya, həm də ABŞ rəhbərliyinə qarşı kobud ifadələr işlətməsi artıq onun siyasi brendinə çevrilib.

Nazir Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun “Gələcək naminə dialoq” proqramının iştirakçıları ilə görüşündə çıxış edərkən atəşkəsdən sonra sabitləşmə məsələlərinin müzakirə olunması ideyasına da şübhə ilə yanaşıb.

Lavrov bildirib ki, Zelenski Rusiyanın maraqlarını tanımadığını bəyan edir və Ukraynanın NATO-ya üzvlüyünü tələb edir. Bu şəraitdə hansı məsələlərin sabitləşdirilməsinin nəzərdə tutulduğunu sual edib.

Rusiya XİN rəhbəri daha əvvəl Qərb ölkələrinin Ukraynada sabitləşdirici qüvvələr yerləşdirməsinin Avropanın münaqişəyə birbaşa cəlb olunması anlamına gələcəyini bildirmişdi.