2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 64 898 ədəd avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 685 ədəd və ya 31,4 faiz azdır.
1xeber.media xəbər verir ki, Trend Dövlət Gömrük Komitəsinin (DGK) hesabatı əsasında apardığı hesablamalara görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 94 583 ədəd avtomobil gətirilib.
Hesabat dövründə idxal olunan avtomobillərin ümumi statistik dəyəri 1 milyard 289,8 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 793,1 milyon dollar olub. Beləliklə, avtomobil idxalının dəyəri illik müqayisədə 28,1 faiz azalıb.
Avtomobil idxalının əsas hissəsini minik avtomobilləri təşkil edib. Belə ki, cari ilin ilk 10 ayında Azərbaycana 57 742 ədəd minik avtomobili gətirilib. Bu, 2025-ci ilin eyni dövründəki 86 909 ədədlə müqayisədə 33,6 faiz azdır.
Hibrid avtomobillərin idxalında da azalma qeydə alınıb. Xarici enerji mənbəyindən doldurulmayan hibrid avtomobillərin sayı 13 657-dən 5 763-ə, xarici enerji mənbəyindən doldurula bilən hibrid avtomobillərin sayı isə 37 476-dan 12 970-ə düşüb.
Tam elektrik mühərriki ilə hərəkət edən avtomobillərin idxalı da azalıb. 2026-cı ilin yanvar-oktyabr aylarında ölkəyə 706 elektrik avtomobili gətirilib. Ötən ilin eyni dövründə bu göstərici 1 732 ədəd olub.
Bununla yanaşı, yük avtomobillərinin idxalı 6 588-dən 6 047-yə, sürücü daxil olmaqla 10 və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxalı isə 702-dən 591-ə enib.
Xüsusi təyinatlı nəqliyyat vasitələrinin idxalında isə artım qeydə alınıb. Belə ki, bu kateqoriya üzrə idxal 384 ədəddən 518 ədədə yüksəlib.