Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr dərs prosesinə mane olan səs-küy problemindən şikayətləniblər.
1xeber.media xəbər verir ki, tələbələr bununla bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər. Müraciət “Azərbaycan Tələbələri” sosial şəbəkə səhifəsində paylaşılıb.
Tələbələrin sözlərinə görə, C korpusunun yerləşdiyi ərazidə magistral yoldan gələn avtomobil səsləri, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsinin səs-küyü dərslərin normal keçirilməsinə mane olur.
Onlar bildiriblər ki, kənar səslər dərs zamanı diqqətlərini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
“Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hazırda təhsil aldığımız BDU-nun C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Bir tərəfdən magistral yolun səsi, digər tərəfdən qəssabxana və maşın yuma məntəqəsindən gələn səslər diqqətimizi yayındırır və dərslərimizin keyfiyyətini aşağı salır.
3-4 aydır buna güclə dözürük. Ümid edirik ki, Məleykə xanım səsimizi eşidəcək və problemimizin həlli üçün tədbir görəcək”, – deyə tələbələrin müraciətində qeyd olunub.