Вернуться назад Распечатать

Kərə yağından sonra duru yağ da bahalaşdı

 Azərbaycanda ötən ilin oktyabr ayı ilə müqayisədə bitki yağlarının qiymətində də artım qeydə alınıb. Bu ilin oktyabr ayında günəbaxan yağının bir litrinin qiyməti orta hesabla 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6 manat 92 qəpik təşkil edib. Hər iki məhsulun qiymətində bahalaşma müşahidə olunsa da, daha yüksək qiymət artımı qarğıdalı yağında qeydə alınıb.

1xeber.media  İctimai TV-yə istinadən xəbər verir ki, alıcılar bitki yağlarının bahalaşmasından şikayətçidirlər.

"Kərə yağından istifadə edirəm. O da endirimdə olanlardan. Endirim olan günlərdə alıram, adi vaxtlarda almıram", - deyə alıcılardan biri bildirib. 

Marketlərdə isə müxtəlif istehsalçılara məxsus onlarla çeşiddə bitki yağına rast gəlmək mümkündür. Satıcılar da son bir ay ərzində qiymət artımının daha aydın hiss olunduğunu bildirirlər:

"Türkiyədən, Rusiyadan gələn yağlarımız var. Eyni zamanda, Azərbaycanın yerli istehsalçılarına məxsus məhsullar da satılır. Bu yağlar arasında qiymət fərqi var. Son bir ay ərzində qiymətlərdə təxminən 50 qəpikdən 1 manatadək artım müşahidə olunub".

Bəs qiymət artımı davam edəcək, yoxsa qarşıdakı aylarda bazarda sabitlik gözlənilir?

Məsələ ilə bağlı ekspert Ruslan Atakişiyev açıqlama verib.

Onun sözlərinə görə, kərə yağının kəskin bahalaşması istər-istəməz onun əvəzedicisi olan duru yağa tələbatı artırır:

"Bu da duru yağın qiymətinin artmasına təsir göstərir. Belə olan halda, bazar iştirakçılarında, təchizatçılarda daha çox duru yağ idxal etmək marağı yaranır. Onlar mövcud vəziyyətdən gəlir əldə etməyə çalışırlar. Əgər bu proses davam etsə və daha çox təchizatçı məhsul idxal etsə, nəticədə müəyyən müddətdən sonra qiymətlərin sabitləşməsinə, yəni tarazlığın yaranmasına gətirib çıxara bilər".

Mütəxəssisin fikrincə, duru yağın qiymətinin gələcəkdə necə dəyişəcəyi bazardakı tələb və təklifdən asılı olacaq. İdxal həcminin artması və rəqabətin güclənməsi qiymətlərin sabitləşməsinə şərait yarada bilər.

Hələlik isə alıcılar bahalaşma fonunda endirimləri gözləməyə üstünlük verirlər.