Вернуться назад Распечатать

Aİ Moskvaya kimlə gedəcək? Rusiya ilə danışıqların formatı açıqlanıb

Avropa Rusiya ilə danışıqlara tək nümayəndə göndərə bilməyəcək – Kollektiv heyət variantı gündəmdə

Avropa İttifaqının (Aİ) Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlarda vahid nümayəndə seçməkdə çətinlik çəkəcəyi bildirilir.

1xeber.media xəbər verir ki, bu barədə Avstriyanın sabiq xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. Mərkəzinin rəhbəri Karin Kneyssl RİA Novosti-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Avropa ölkələri vahid danışıqlar nümayəndəsi müəyyənləşdirə bilməyə bilər. Bu səbəbdən Moskva ilə mümkün təmaslarda bir nəfərin deyil, kollektiv nümayəndə heyətinin iştirakı ehtimal olunur.

Kneyssl qeyd edib ki, Avropanı danışıqlarda Aİ-yə üzv ölkələrin Moskvada fəaliyyət göstərən səfirləri təmsil edə bilər. Hazırda Rusiya paytaxtında Aİ ölkələrinin 27 diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu Avropa nümayəndə heyətinin Moskvaya səfər təklifi aldığını, lakin Rusiyaya ikitərəfli məsləhətləşmələr üçün getməyə hazır olmadığını bildirmişdi.

Onun sözlərinə görə, Avropa tərəfi Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müzakirələrin yalnız çoxtərəfli formatda aparılmasını istəyir. Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin isə atəşkəsdən sonra, NATO və Aİ ölkələrinin iştirakı ilə başlanması nəzərdə tutulur.