Estoniyanın Azərbaycanda səfirlik açması münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.
1xeber.media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıda səfirliyinin açılış mərasimində deyib.
C. Bayramov bu qərara görə Estoniya hökumətinə təşəkkür edib, estonyalı həmkarı Marqus Tsaxnaya dəstəyinə görə minnətdarlığını ifadə edib. O, həmçinin Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirki təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir diplomatik nümayəndəliyin açılışını əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib:
“Bugünkü hadisə yalnız diplomatik nümayəndəliyin açılışı deyil, həm də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində güclü iradənin ifadəsidir”.
O vurğulayıb ki, Bakı və Tallin arasında siyasi dialoq, ikitərəfli əlaqələr və müxtəlif sahələrdə birgə layihələr qarşıdakı dövrdə daha da inkişaf edəcək.
C. Bayramov Azərbaycan-Estoniya münasibətlərində başlanan bu yeni mərhələnin hər iki ölkə və xalq üçün müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.