Вернуться назад Распечатать

Aİ-də büdcə böhranı: Dörd ölkənin nümayəndələri danışıqları tərk etdi

Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsi ilə bağlı liderlər arasında aparılan danışıqlar ciddi siyasi böhranla nəticələnib. Dörd ölkənin nümayəndələrinin görüşləri tərk etməsindən sonra büdcə üzrə razılıq əldə olunması istiqamətində müzakirələr dalana dirənib.

1xeber.media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Danışıqlarda iştirak edən, büdcə xərclərinin azaldılmasını dəstəkləyən ölkələrdən birinin diplomatı görüşlərin nəticəsiz keçdiyini bildirib.

“İşlər çox pis getdi. Bu, əsl müzakirə deyildi”, – deyə diplomat qeyd edib.

Məlumata görə, Avropa Şurasının prezidenti Antonio Koştanın tərəflər arasında kompromis əldə etmək cəhdləri nəticə verməyib.

Büdcə məsələsində Aİ ölkələri arasında fikir ayrılıqları dərinləşib. İspaniya və İtaliya büdcənin artırılmasını, kənd təsərrüfatına və geridə qalmış regionlara ayrılan maliyyələşmənin qorunmasını istəyir.

Almaniya və İsveç isə əksinə, büdcə xərclərinin azaldılmasını və maliyyə vəsaitlərinin müdafiə və təhlükəsizlik sahələrinə yönəldilməsini müdafiə edir.

Beləliklə, Aİ liderləri arasında büdcənin gələcək prioritetləri ilə bağlı fikir ayrılığı ümumi razılaşmanın əldə olunmasını çətinləşdirib.