Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitinin nəticəsiz başa çatması Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin narazılığına səbəb olub.
1xeber.media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sammitdən sonra keçirilən mətbuat konfransı gözləniləndən xeyli qısa olub. Həm Koştanın, həm də fon der Lyayenin yorğun və yaranmış siyasi vəziyyətdən narazı göründüyü bildirilib.
Məlumata əsasən, Koşta sammitin ikinci günü üçün nəzərdə tutulan proqramdan imtina edib. O, fon der Lyayenlə birlikdə keçirdiyi yekun mətbuat konfransını cəmi 11 dəqiqə ilə məhdudlaşdırıb. Tərəflər qısa açıqlamalar verib və jurnalistlərin yalnız üç sualını cavablandırıblar.
Qeyd edək ki, bundan əvvəl Aİ liderlərinin qurumun yeddiillik büdcəsi ilə bağlı danışıqları siyasi böhranla nəticələnmişdi. Dörd ölkənin nümayəndələrinin görüşləri tərk etməsi Avropa Şurasının prezidenti Antonio Koştanın kompromis əldə etmək cəhdlərini nəticəsiz qoymuşdu.
Büdcə məsələsində İtaliya və İspaniya ilə Almaniya və İsveç arasında ciddi fikir ayrılıqları yaranıb. İlk iki ölkə büdcənin artırılmasını, Almaniya və İsveç isə xərclərin azaldılmasını və müdafiə sahəsinə daha çox vəsait ayrılmasını istəyir.